Bakı. Trend:
ATƏT-in Minsk qrupu Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması məsələsində açıq aşkar bacarıqsızlığını nümayiş etdirdi.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisin MDB PA-da nümayəndə heyətinin üzvü Nizami Səfərov Bakıda keçirilən Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə və Milli Məclisin qurulmasının 107-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev- suveren Azərbaycanın konstitusionalizminin və parlamentçiliyinin qurucusu” mövzusunda beynəlxalq konfransın gedişində deyib.
Onun sözlərinə görə, ötən əsrin ikinci yarısının sonunda Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək prosesi ölkəmizə qarşı beynəlxalq hüquqa kobud şəkildə zidd olan ərazi iddialarına əsaslanan Ermənistanın silahlı təcavüzü ilə üzləşdi.
N. Səfərov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı dörd qətnaməsi – Ermənistan silahlı qüvvələrinin işğal olunmuş rayonlardan dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxmasını tələb edən sənədlər eləcə kağız üzərində qaldı.
Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsi və qısamüddətli antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazisində öz suverenliyini və konstitusiya hüquqi qaydasını tam bərpa edib.
N. Səfərov əlavə edib ki, hazırda ölkənin siyasi rəhbərliyi məqsədyönlü şəkildə sülh gündəliyini həyata keçirir və bunun bariz nəticəsi kimi 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında birgə Bəyannamənin imzalanması və sülh sazişi mətninin paraflanması qeyd olunmalıdır.
