Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) aparılan təkmilləşdirmələr çərçivəsində bu e-sistemdə kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq işə salınıb.
Trend xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər (əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha çox uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər və b.) barədə məlumatlar ƏMAS-a inteqrasiya edilib.
Bununla da işəgötürənlər artıq real vaxt rejimində:
- öz şəxsi kabinetlərindən kvota ilə bağlı bütün məlumatları izləmək, kvota üzrə iş yerləri üzrə prosesi daha operativ idarə etmək,
- müəssisələri üçün ayrılmış kvota iş yerlərinin sayını, icra vəziyyətini ƏMAS vasitəsilə görmək,
- cari kvota üzrə iş yerlərinə münasibətdə öhdəlikləri barədə tam məlumat əldə edə bilmək
imkanı qazanıblar. Eyni zamanda, e-sistem kvota iş yerləri üzrə müraciət edən şəxslər barədə operativ məlumatların alınmasını təmin edir və vətəndaşların sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kateqoriyasına uyğunluğunu avtomatik təsdiqləməyə imkan verir.
Kvota üzrə iş yerlərinin icrası ilə bağlı planlaşdırma, hesabatlılıq və idarəetmə prosesləri də daha səmərəli şəkildə həyata keçiriləcək.
Bu yeni funksionallıq kvota öhdəlikləri ilə bağlı müəssisədaxili məlumatlılığın artmasına və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluq imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.
