Bakı. Trend:
Azərbaycanlı investorlar Qazaxıstanın cənub-şərqində, Alagöl sahilində beynəlxalq müalicə-sağlamlıq kompleksinin tikintisi layihəsini həyata keçirirlər. Ümumi investisiya həcmi 20 milyon ABŞ dolları təşkil edir.
Trend bu barədə Qazaxıstan Respublikasının Abay vilayətinin yerli icra hakimiyyəti orqanının mətbuat xidmətinə istinadən xəbər verir.
Bu təşəbbüs Abay vilayətinin akimi (inzibati rəhbəri) Berik Ualinin Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşü zamanı təqdim olunub.
Görüşdə, həmçinin, Azərbaycan-Qazaxıstan Biznes Şurasının sədr müavini, Türk İş Adamları Assosiasiyasının İdarə Heyətinin sədri Aslan Kuniyarov, eləcə də, Azərbaycan İnvestisiya Holdinqinin və Azərbaycan Biznesin İnkişafı Fondunun nümayəndələri iştirak ediblər.
Məlumata əsasən, investorlar eyni vaxtda 800 nəfərin yerləşdirilə biləcəyi ilboyu fəaliyyət göstərəcək turizm kompleksinin inşasını planlaşdırırlar. Obyektin istismara verilməsi ilə regionda təxminən 200 yeni iş yeri yaradılacaq.
Layihə Alagöl sahilinin turizm baxımından cəlbediciliyinin artırılmasına, yerli büdcəyə vergi daxilolmalarının artmasına, həmçinin, tibb və turizmin qovşağında yeni istiqamətin inkişafına yönəlib.
Bayel görüşdə qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər yeni müttəfiqlik səviyyəsinə yüksəlib. Səfir xatırladıb ki, Qazaxıstan rəhbərliyi iqtisadi əlaqələrin möhkəmləndirilməsi və birgə layihələrin, o cümlədən, turizm sahəsində həyata keçirilməsi qarşıya məqsəd qoyub.
“2024-cü ildə Qazaxıstan və Azərbaycan birgə investisiya fondu yaratdıq. Əgər Alagöldəki layihə gerçəkləşsə, bu fond çərçivəsində həyata keçirilən ilk layihələrdən biri ola bilər”, – deyə diplomat vurğulayıb.
Öz növbəsində, vilayət akimi layihənin region üçün turizm baxımından əhəmiyyətini də qeyd edib:
“Qazaxıstan və Azərbaycan qardaş xalqlardır, bizi ortaq tarix və mənəvi köklər birləşdirir. Sizin səfərinizə və məhz bizim bölgəmizdə genişmiqyaslı turizm kompleksinin yaradılması təşəbbüsünüzə sevinirik. Hazırda Alakol turizm zonasının baş planı hazırlanır. Biz tikinti üçün torpaq sahəsi ayırmağa hazırıq. Akimat (icra hakimiyyəti orqanı) zəruri dəstəyi göstərəcək”, – deyə Uali vurğulayıb.