Bakı. Trend:
Yaxın Şərqdə hərbi vəziyyətin kəskinləşməsi fonunda dünya bazarlarında neft və qızıl qiymətlərinin artması Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın xarici balanslarına qısamüddətli dəstək verir, eyni zamanda enerjidən asılı olan Ermənistana təzyiq yaradır.
Trend xəbər verir ki, bu barədə Niderlandın "ING Group" şirkətinin hesabatında bildirilir.
“Barel üzrə neft qiymətlərinin hər $10 davamlı artımı Qazaxıstanın illik ixrac həcminə təxminən 6 milyard dollar, Azərbaycanın ixracına isə 3 milyard dollar əlavə edir ki, bu da müvafiq olaraq ÜDM-in 1,8%-i və 4%-i anlamına gəlir”, – analitiklər qeyd edirlər.
Büdcə nöqteyi nəzərdən, neft qiymətlərinin eyni məbləğdə artması hər iki ölkəyə yanacaqdan təxminən 1,5 milyard dollar əlavə gəlir təmin edir ki, bu da Qazaxıstan ÜDM-nin 0,5%-i və Azərbaycan ÜDM-nin 2%-i həcmindədir.
Özbəkistan isə qızıl qiymətlərinin artımından faydalanır. “Qızılın hər unsiyasının qiymətinin $1 000 artması ölkəyə təxminən 4 milyard dollar ixrac gəliri gətirir ki, bu da ÜDM-in 2,7%-nə bərabərdir”, – ING ekspertləri izah edirlər.
Niderland şirkəti qeyd edir ki, MDB ölkələrinin münaqişə iştirakçıları ilə birbaşa ticarət əlaqələri məhduddur, lakin Aİ-dən idxaldan və inkişaf etmiş ölkələri, Türkiyəni, İranı və Körfəz dövlətlərini əhatə edən daha geniş təchizat zəncirlərindən asılılıq risk amili olaraq qalır.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.
