Bakı. Trend:
İran tərəfindən Naxçıvan ərazisində yerləşən mülki hava limanına qarşı həyata keçirilən dron hücumu qətiyyətlə pislənilməlidir. Bu kimi hərbi xarakterli vasitələrin mülki infrastruktura qarşı tətbiqi beynəlxalq münasibətlər sistemində qəbulolunmazdır və regionda sabitliyə birbaşa təhdid yaradır.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, hadisə ilə bağlı məsuliyyət tam şəkildə bu əməli icra edən tərəfə – İran İslam Respublikasının üzərinə düşür:
“İran Silahlı Qüvvələrinin Naxçıvan ərazisini hədəf seçməsi açıq şəkildə göstərir ki, rəsmi Tehran regionda gərginliyi artırmaq xəttini seçib. Mülki vətəndaşların istifadə etdiyi hava limanına zərbə endirilməsi hərbi güc nümayişi deyil, əksinə, siyasi və mənəvi acizliyin təzahürüdür. Mülki infrastruktura hücum etmək qorxaqlıq və beynəlxalq hüquqa hörmətsizlikdir”.
Deputat bildirib ki, bu addım BMT Nizamnaməsinin əsas prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət öhdəliyinə ziddir:
“Belə təxribat xarakterli hərəkətlər regionda onsuz da həssas olan təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir və qarşıdurma riskini artırır.
Azərbaycan dövləti hər zaman qonşuluq və qarşılıqlı hörmət prinsipinə sadiq qalıb. Ölkəmizin ərazisi heç vaxt hər hansı dövlətə qarşı təhlükə mənbəyi olmayıb. Əksinə, humanitar və siyasi məsələlərdə Azərbaycan daim konstruktiv mövqe nümayiş etdirib.
Məlumdur ki, Prezident İlham Əliyev İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı verərək diplomatik etikaya uyğun addım atıb, hətta səfirliyi ziyarət edib. Azərbaycan tərəfi çətin məqamda qonşusuna humanitar dəstək göstərmək niyyətini də ifadə etmişdi.
Belə bir şəraitdə İran tərəfinin Naxçıvanda mülki obyektə zərbə endirməsi ikiüzlü və riyakar siyasətin göstəricisi kimi qiymətləndirilməlidir. Bu əməl mülki əhaliyə qarşı yönəlmiş açıq terror aktı kimi qiymətləndirilməlidir.
Eyni zamanda, uzun illərdir İranda yaşayan milyonlarla azərbaycanlının hüquqlarının məhdudlaşdırılması, milli fəalların təqib və təzyiqlərə məruz qalması faktları da bu siyasətin sistemli xarakter daşıdığını göstərir. Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyi regionda etimad mühitini sarsıdır.
Tarix göstərib ki, Azərbaycana qarşı aqressiya nümayiş etdirənlər gec-tez bunun nəticələri ilə üzləşiblər. Rəsmi Bakı beynəlxalq hüququn verdiyi bütün hüquqlardan istifadə etmək imkanını özündə saxlayır və bu kimi hücumların cavabsız qalmayacağını açıq şəkildə bəyan edir.
İran tərəfi qısa müddət ərzində baş vermiş hadisəyə aydınlıq gətirməli, məsul şəxsləri müəyyənləşdirməli və gələcəkdə bu cür təxribatların təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir. Əks halda, regionda yaranacaq əlavə gərginliyə görə bütün məsuliyyət məhz Tehranın üzərində qalacaq”.
