Bakı. Trend:
İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır.
Trend xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Sofi Laqut sosial şəbəkə hesabında yazıb.
Səfir bildirib ki, bu regional sabitliyi pozan hərəkəti və beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyir.
“Düşüncələrim və həmrəyliyim bu hadisədən zərər çəkmiş əhali ilə, xüsusilə də, təəssüf ki, yaralanmış 4 nəfərlədir. Onların tezliklə sağalmasını arzulayıram”, - deyə səfir qeyd edib.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.
