Bakı.Trend:
Xəbər verildiyi kimi, Martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücumun həyata keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq) və 270-1.3-cü (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Trend xəbər verir ki, bu barədə məlumat Baş Prokurorluğun rəsmi açıqlamasında əksini tapıb.
Bildirilir ki, baş verən hadisə səbəbindən Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirməli olan mülki hava gəmisi havada olarkən təhlükəsizlik məqsədilə Bakı şəhəri istiqamətində geri qayıtmağa məcbur olub.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.
