Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS radikal hərəkatına məxsus silah istehsalı obyektinə zərbə endirib.
Trend xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.
“Məhz bu obyektdə HƏMAS hərəkatı müharibə boyu İsrail ordusuna qarşı hücumlarda istifadə olunan silahlar istehsal edirdi,” – bəyanatda qeyd olunur.
Mətbuat xidməti əlavə edib ki, zərbə endirilməzdən əvvəl mülki əhaliyə zərərin vurulması riskini azaltmaq üçün tədbirlər görülüb. Hərbçilərin bildirdiyinə görə, bu tədbirlərə “mülki əhalinin təxliyəsi”, “yüksək dəqiqlikli sursatlardan istifadə”, “hava müşahidəsi” və “əlavə kəşfiyyat məlumatlarının toplanması” daxildir.
Hərbi qurumun məlumatına görə, İsrail ordusu hazırda Qəzza şəhərində, eləcə də zolağın şimal və cənub hissələrində döyüş əməliyyatları aparır.