Bakı.Trend:
Son bir neçə il ərzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycanın müxtəlif şəhər və rayonlarında, o cümlədən ucqar kəndlərində keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi bu il “Suveren dövlət, vətənpərvər gənclik” şüarı altında təşkil edilir. İlk dəfə olaraq layihənin açılışı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində - Cəbrayıl şəhərində baş tutub. Açılışa Cəbrayıl və Zəngilandan olan gənclər qoşulublar.
Dövlət başçısı tərəfindən elan olunan 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən bu ilki “Səyyar Gənclər Xidməti” layihəsinin əsas məqsədi region gənclərini Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə bütün ölkə ərazisində suverenliyimizin bərpasının əhəmiyyəti ilə tanış etmək, uğurla həyata keçirilən dövlət gənclər siyasətinin yaratdığı imkan və xidmətlərin, o cümlədən, məşğulluq, innovasiya və digər sahələrdə həyata keçirilən təşəbbüslərin regionlarda yaşayan gənclər üçün əlçatanlığına töhfə verməkdən ibarətdir.
Layihənin açılış mərasimi Dövlət Himnin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nicat Kərimov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış edərək Səyyar Gənclər Xidmətinin ölkə gəncləri üçün əhəmiyyətini vurğulayıblar. Layihə ölkə gənclərinin maarifləndirilməsi və onların dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilib.
Qeyd olunub ki, bu təşəbbüs regionlarda yaşayan gənclərin sosial aktivliyini artırmaqla yanaşı, onların bilik və bacarıqlarının inkişafına, vətənpərvərlik ruhunun yüksəldilməsinə öz töhfəsini verəcəkdir. Tədbirin rəsmi hissəsi gənclərin ifasında vətənpərvərlik ruhunda musiqili çıxışlarla yekunlaşıb.
Daha sonra Səyyar Gənclər Xidməti çərçivəsində açıq hava şəraitində Cəbrayıl və Zəngilanda yaşayan gənclər üçün dövlət gənclər siyasəti, eləcə də onların maraqlarını əhatə edəcək ixtisas seçimi, karyera planlaması, şəxsi inkişaf, könüllülük, əsas həyat bacarıqları kimi mövzularda maarifləndirici təlimlər və sessiyalar keçirilib.
Bununla yanaşı, tədbir ərazisində gənclərin istedad və təşəbbüslərinin üzə çıxarılması məqsədilə interaktiv fəaliyyətlər – vörkşoplar, master-klasslar, viktorinalar və intellektual oyunlar təşkil edilib. Gənclər üçün nəzərdə tutulan stolüstü oyunlar, komanda əsaslı əyləncəli proqramlar vasitəsilə onların asudə vaxtlarının səmərəli təşkili təmin olunub. Tədbir zamanı təşkil olunan fəaliyyətlərdə fəallığı ilə seçilən gənclər mükafatlandırılıb.
Qeyd edək ki, Səyyar Gənclər Xidməti layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihənin 2025-ci ilin oktyabr ayının sonunadək respublikanın 15 şəhər və rayonunda ucqar kəndlərdə yaşayan minlərlə gənci əhatə etməsi planlaşdırılır.