Bakı.Trend:
Suraxanıda arvadını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxs həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib. Evə gələrək onunla Suraxanı rayonundakı parka gedərək onu qətlə yetiri. Təqsirləndirilən şəxs sonuncuya ümumilikdə 9 bıçaq zərbəsi endirib.
Sonra zərəçəkmiş şəxsin hüquqi varisi ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxs mərhum bacısına hər zaçan qəddarcasına münasibət göstərib. Onu öldürməsinə də xəyanəti bəhanə gətirib.
Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O qeyd edib ki, hadisəyə səbəb mərhum Sevinc Məhərrəmovanın ona xəyanət etməsi olub.
“Mən onun uşaqlıq dostum Elnurla sevgi münasibəti olmasından şübhələnmişdim. Mənə xəyanət edib. İkinci uşağın atası mən deyiləm. Bu şübhə 11 il içimdə oldu. Sonra bu hadisə baş verdi. Cinayət işi üzrə özümü təqsirli bilirəm.
Məhkəmənin növbəti prosesi 1 oktyabrda keçiriləcək.
Qeyd edək ki, hadisə aprel ayında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib. Qəsəbədə yerləşən parkların birində 39 yaşlı Sevinc Məhərrəmova amansızca qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 35 yaşlı Natiq Məhərrəmov saxlanılıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb.
Natiq Məhərrəmova Cinayət Məcəlləsinin 120.2.2- ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb.