...

Şəhid ailələri və Qarabağ fatehləri diaspor gənclərinin yay düşərgəsində (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2025 15:02 (UTC +04:00)
Şəhid ailələri və Qarabağ fatehləri diaspor gənclərinin yay düşərgəsində (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndidə keçirilən Diaspor Gənclərinin Vl Yay Düşərgəsinin növbəti panelində şəhid ailələri və Qarabağ fatehləri ilə görüş olub.

Trend xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayılın moderatorluğu ilə baş tutan panelin fəxri qonağı Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Sevinc Orucova olub.

Paneldə şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Məmmədova, şəhid mayor Sənan Qasımovun anası Dürdanə Qasımova, şəhid MAXE Xəqani Nəsirovun atası Kamran Nəsirov, şəhid əsgər Fərhad Fərhadlının anası Gülümnaz Fəhrədova və Qarabağ fatehləri iştirak ediblər.

Görüş Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.

Sevinc Orucova çıxışında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhid və qazilərimizin xalqın milli birliyinin və dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda önəmli missiya yerinə yetirdiyini söyləyib. Azərbaycan dövlətinin şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edib, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Panel zamanı şəhid valideynləri övladlarının xatirələrini bölüşüb, Qarabağ fatehləri isə keçdikləri döyüş yolundan danışıblar. Dünyanın müxtəlif ölkələrindən düşərgəyə qatılan soydaşlarımızı azad Xankəndidə görməyin onlar üçün qürurverici olduğunu vurğulayıblar. Şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizin çıxışları gənclərdə böyük qürur hissi yaradıb. Onlar bir çox məqamlarda göz yaşlarına hakim ola bilməyiblər. Özbəkistandan olan iştirakçı Xulkaroy Racapovanın şəhidlərə həsr olunan şeiri səsləndirməsi böyük rəğbətlə qarşılanıb.

Gənclər düşərgənin Xankəndidə təşkilinə görə Azərbaycan dövlətinə sonsuz təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti