...

Şahdəniz Kompressiya və Səngəçal Terminalının Elektrikləşdirilməsi layihələri üçün mühəndis-layihələndirmə və təchizat müqavilələri imzalandı

İqtisadiyyat Materials 6 Avqust 2025 15:15 (UTC +04:00)
Şahdəniz Kompressiya və Səngəçal Terminalının Elektrikləşdirilməsi layihələri üçün mühəndis-layihələndirmə və təchizat müqavilələri imzalandı

Bakı. Trend:

bp Şahdəniz qaz və kondensat yatağının işlənməsi layihəsinin və Səngəçal terminalının operatoru kimi mühəndis-layihələndirmə işləri üzrə iki iri müqavilənin imzalandığını məmnuniyyətlə elan edir. Müfəssəl mühəndis-layihələndirmə və təchizat xidmətlərini əhatə edən bu müqavilələr SOCAR-KBR birgə müəssisəsinə verilib. Bu podratçı müqavilələri Şahdəniz Kompressiya (ŞDK) və Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihələrinin icrası üçün mühüm bir mərhələdir.

Bu podratçı müqavilələri həmçinin 3 iyun 2025-ci il tarixində Bakı Enerji Həftəsi zamanı Yekun İnvestisiya Qərarı (YİQ) elan olunmuş hər iki layihənin icra mərhələsinə keçidinə doğru mühüm bir irəliləyişdir.

bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mətt Kirkham: “ŞDK və STEL layihələrinin irəliləyişində bu mühüm mərhələnin əldə olunduğunu bölüşməkdən çox məmnunam. İyun ayının əvvəllərində qəbul edilmiş YİQ-lərin ardınca biz podratçı seçimi mərhələsini uğurla tamamladıq və SOCAR-KBR birgə müəssisəsi ilə iki əsas podratçı müqaviləsi imzaladıq. SOCAR-KBR şirkətinin Xəzər regionunda oxşar layihələrdə təsdiqlənmiş təcrübəsi, o cümlədən ŞDK layihəsi üzrə əvvəlki işləri uğurla yerinə yetirməsi bu seçimdə həlledici amil olmuşdur.

Bu nailiyyətin əldə olunmasında əməyi və zəhməti keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, davamlı əməkdaşlığımız nəticəsində hər iki layihə təhlükəsiz, rəqabətqabiliyyətli və qrafikə uyğun şəkildə həyata keçiriləcək.”

ŞDK layihəsi üzrə verilmiş müqavilə 43 milyon funt sterlinq dəyərindədir və 1 iyul 2025-ci il tarixində qüvvəyə minib. Bu müqavilə çərçivəsində işlərin 2026-cı ildə başa çatacağı planlaşdırılır.

İş həcminə aşağıdakı qurğuların tikintisi üzrə mühəndis-layihələndirmə və təchizat dəstəyi, o cümlədən quraşdırmaya hazırlıq, istismara vermə və əməliyyat hazırlığı daxildir:

  • ŞDK platforması üçün üst tikililər;
  • ŞDK platforması üçün dayaq bloku və payalar;
  • Quruda və dənizdə yerləşən mövcud qurğular (Şahdəniz Alfa, Şahdəniz Bravo və Səngəçal Terminalı);
  • Sualtı sistemlə inteqrasiyanı təmin etmək üçün sistemin layihələndirilməsi üzrə mühəndislik işləri.

STEL layihəsi üzrə verilmiş müqavilə 7 milyon funt sterlinq dəyərindədir və 1 iyul 2025-ci il tarixində qüvvəyə minib. Bu müqavilə çərçivəsində işlərin 2028-ci ildə başa çatacağı planlaşdırılır.

Müqavilə elektrik şəbəkəsindən enerjinin ötürülməsi və fasiləsiz enerji təminatı üçün qoruma mexanizmini təmin etmək məqsədilə Səngəçal terminalı ərazisində bir sıra yeni avadanlıqlar və mövcud obyektlərdə aparılacaq dəyişikliklər üçün mühəndis-layihələndirmə və təchizat üzrə dəstək xidmətlərini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti