Bakı. Trend:
Bu ilin yanvar – iyul ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 140,6 milyon manata yaxın vergi daxil ödənilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 20,3 faiz və ya 23,7 milyon manat çoxdur.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qeyri-dövlət sektorundan daxilolmalar 95,3 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 21,9 milyon manat və ya 29,8 faiz artıb. Ödənilən vergilərin 67,8 faizi qeyri-dövlət sektorunun, 32,2 faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2025-ci ilin yanvar – iyul aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 2,7 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən 10,6 faiz artıb və 18,1 milyon manata yaxın təşkil edib.