...

Dünya Bankı Türkiyədə elektrik enerjisinin ötürülmə sisteminin müasirləşdirilməsi üzrə layihənin maliyyələşdirilməsini təsdiqləyib

Maliyyə Materials 6 Avqust 2025 12:05 (UTC +04:00)
Dünya Bankı Türkiyədə elektrik enerjisinin ötürülmə sisteminin müasirləşdirilməsi üzrə layihənin maliyyələşdirilməsini təsdiqləyib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı Türkiyədə “Elektrik Enerjisinin Ötürülmə Sisteminin Transformasiyası” (TPTS) layihəsinin həyata keçirilməsi üçün iri maliyyə paketini təsdiqləyib.

Bu barədə Trend Dünya Bankına istinadən xəbər verir.

Maliyyə paketi ölkənin milli elektrik şəbəkəsinə artan həcmdə bərpa olunan enerjisinin inteqrasiyasına, habelə Türkiyənin davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki hədəflərinə dəstək məqsədi daşıyır.

Layihənin ümumi maliyyələşdirmə həcmi 747,9 milyon ABŞ dollarını ötüb. Paketə aşağıdakılar daxildir:

625 milyon avro (təxminən 707,9 milyon ABŞ dolları) Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYYB) krediti; 32,798 milyon avro (38 milyon ABŞ dolları) Təmiz Texnologiyalar Fondunun (CTF) krediti; həmçinin, CTF tərəfindən 2 milyon ABŞ dolları məbləğində qrant (geri qaytarılmayan əsaslarda).

Layihə Avropa və Mərkəzi Asiyada Bərpa Olunan Enerjinin Miqyaslandırılması (ECARES) proqramının yeddinci mərhələsi çərçivəsində icra olunur və birbaşa Türkiyənin 2035-ci il üçün Bərpa Olunan Enerji Strategiyasını (RE 2035) dəstəkləyir. Bu strategiya 2035-ci ilə qədər 120 QVt külək və günəş enerjisi gücünün quraşdırılmasını, eləcə də, 2053-cü ilə qədər karbon neytrallığının təmin edilməsini nəzərdə tutur.

Dünya Bankının Türkiyə üzrə direktoru Umberto Lopesin sözlərinə görə, şəbəkələrin modernləşdirilməsi və bərpa olunan enerji mənbələrinin inkişafı təkcə enerji təhlükəsizliyini artırmayacaq və qalıq yanacaqlardan idxal asılılığını azaldacaq, həm də yeni iqtisadi imkanlar yaradacaq və minlərlə iş yeri açacaq.

Layihənin əsas istiqamətlərinə şəbəkə infrastrukturunun genişmiqyaslı müasirləşdirilməsi daxildir ki, bu da yeni yarımstansiyaların tikintisini, mövcud olanların yenilənməsini, həmçinin, elektrik ötürmə xətləri və kabel birləşmələrinin genişləndirilməsini əhatə edir. Bu tədbirlər 1,7 QVt bərpa olunan enerji mənbəyinin şəbəkəyə qoşulmasına və enerji təchizatının etibarlılığının əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək.

Bundan əlavə, SCADA/EMS idarəetmə sistemlərinin müasirləşdirilməsi və bərpa olunan enerjidən dəyişkən enerji axınlarının səmərəli idarə edilməsi üçün müasir rəqəmsal texnologiyaların tətbiqi hesabına enerji sisteminin rəqəmsallaşdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti