...

Azərbaycan və Türkmənistan arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib (FOTO)

Siyasət Materials 5 Avqust 2025 17:24 (UTC +04:00)
Azərbaycan və Türkmənistan arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 5-də Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonasında Birləşmiş Millətlər Təşkilatının Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı keçirilib.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti konfransın plenar iclasında iştirak edib.

İclasda çıxış edən Baş nazir BMT-nin Baş katibi Antonio Quterreşi, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovu və tədbirdə iştirak edən digər dövlət və hökumət başçılarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından salamlayıb.

Azərbaycan-Türkmənistan münasibətlərinə toxunan Ə.Əsədov bu münasibətlərin ortaq irsə, tarixə və qarşılıqlı hörmətə əsaslandığını bildirib.

Bu baxımdan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun bu yaxınlarda Azərbaycana səfərinin əhəmiyyəti vurğulanaraq, səfərin ikitərəfli strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaratdığı qeyd edilib.

Dənizə çıxışı olmayan ölkə statusuna baxmayaraq, Azərbaycanın nəqliyyat siyasətinin və yeni, müasir infrastrukturunun coğrafi məhdudiyyətləri imkanlara çevirdiyi diqqətə çatdırılıb.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə mühüm töhfə verən ölkə olduğu bildirilib.

“Xəzər dənizində 50-dən çox gəmidən ibarət ən böyük ticarət donanması, hazırda 10 gəmi istehsal edən gəmiqayırma zavodu, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük hava karqo şirkəti və bir çox digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib”, - deyə Ə.Əsədov qeyd edib.

Orta Dəhlizin önəminə toxunan Baş nazir Çinin bir sıra şəhərlərindən konteyner blok-qatarlarının Bakıya 10-12 günə çatmasının Orta Dəhlizin mühüm ticarət marşrutu kimi əhəmiyyətini vurğuladığını bildirib.

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA çərçivəsində əməkdaşlığın vacibliyi qeyd olunub.

Rəqəmsal bağlantılar sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu bildirən Ə.Əsədov Azərbaycanın “Rəqəmsal İpək Yolu” kimi irimiqyaslı layihələr vasitəsilə rəqəmsal transformasiya təşəbbüsünü həyata keçirdiyini diqqətə çatdırıb.

İqlim dayanıqlılığının gücləndirilməsi istiqamətində birgə səylər təqdir edilib. Ötən il Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı konfrans iştirakçılarını məlumatlandıran Baş nazir hazırlıq işləri üçün bir ildən az müddətə baxmayaraq, uğurlu nəticənin təmin edildiyini, iqlim fəaliyyəti ilə bağlı tarixi qərarların qəbul olunduğunu deyib.

Bununla yanaşı, Xəzər dənizinin ekoloji problemlərinə toxunan Ə.Əsədov, dənizin su səviyyəsinin azalmasını ən çox narahatlıq doğuran məsələ adlandırıb. Xəzəryanı dövlətlərin üzləşdiyi bu ümumi problemin həlli üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.

2022-ci ildə Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının 6-cı Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ekoloji problemə xüsusi diqqət ayırdığı qeyd olunub.

Azərbaycan Prezidentinin təklifinə əsasən, Xəzərin dayazlaşmasının səbəblərinin öyrənilməsi və qarşısının alınması məqsədilə ekspert qruplarının yaradılması istiqamətində addımların atıldığı bildirilib.

Sonda Baş nazir dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələri gücləndirmək, onların yerləşdiyi regionları inteqrasiya etmək və daha firavan dünya naminə tərəfdaşlığı inkişaf etdirmək üçün bütün imkanlardan yararlanmağın zəruriliyini vurğulayıb, Azərbaycanın öz təcrübəsi, resursları və xoş niyyəti ilə bu işə töhfə verməyə hazırlığını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti