Bakı. Trend:
Çində “Beijing E-Town Robotics Technology Industrial Development Co.” şirkəti yerli hökumətin dəstəyi ilə avqustun 8-də Pekində insanabənzər robotlərin satışı və texniki qulluğu üzrə universal mərkəzi açılacaq.
Trend xəbər verir ki, bu barədə Pekin iqtisadi-texniki zonasının robotexnika və intellektual istehsalat üzrə idarə rəhbərinin müavini Ma Nin açıqlayıb.
Onun sözlərinə görə, obyekt 4S-mağazadır – burada satış (Sale), ehtiyat hissələrinin tədarükü (Spare part), satışdan sonrakı xidmət (Service) və bazarın araşdırılması (Survey) həyata keçiriləcək.
Bundan əlavə, burada kafe və bar-restoran da mövcuddur və səhnədəki musiqiçilər, eləcə də xidmət personalı robotlardan ibarətdir.
“Rəsmi açılış avqustun 8-də baş tutacaq və Ümumdünya Robot Texnologiyaları Konfransının başlanğıcına həsr olunacaq”, – Ma Nin bildirib.
Qeyd edilir ki, dünyada hələ analoqu olmayan bu intellektual robotlar mağazası 4 min kvadratmetr sahəni əhatə edir və şəhərin cənubunda yerləşən dörd mərtəbəli Robot Mall binasında fəaliyyət göstərir. Burada ağıllı texnikanı həm onlayn sifariş edərək əldə etmək, həm də icarəyə götürmək mümkün olacaq.