Bakı.Trend:
2 avqust tarixində Gəncə şəhərində “Yaradıcılıq, İnnovasiya və Sahibkarlıq” adlı layihənin ilkin mərhələsi yekunlaşıb. Bu layihə ADA Universitetinin təşəbbüsü, ADA Universiteti Fondu və Paşa Holdinqin maliyyə dəstəyi ilə 2025-ci ilin iyun ayından etibarən region gəncləri üçün həyata keçirilir.
Layihənin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan gənclərin rəqəmsal və süni intellekt savadlılığını artırmaq, yaradıcılıq potensialını üzə çıxarmaq, sahibkarlıq bacarıqlarını inkişaf etdirməklə onların məşğulluq imkanlarını və əmək bazarında rəqabət qabiliyyətini yüksəltməkdir.
Mərhələli seçim prosesinin nəticəsində təlimlərə Gəncə şəhərində yerləşən müxtəlif universitetlərdə təhsil alan 45 tələbə cəlb olunub. Hal hazırda təlim proqramı iki istiqamət üzrə aparılır - süni intellektin əsasları və süni intellektin incəsənətdə tətbiqi (AI4Art). AI4Art təlimləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin dəstəyi ilə həyata keçirilir.
Layihə çərçivəsində iştirakçılara təqdim olunan əlavə imkanlardan biri onların ingilis dili biliklərinin təkmilləşdirilməsidir. Süni intellekt üzrə təhsil alan, lakin dil bilikləri zəif olan gənclər üçün əlavə ingilis dili dərsləri təşkil olunur. Həmçinin, süni intellekt üzrə təlimlərə hazırlıq mərhələsi kimi riyaziyyat və məntiq dərsləri də proqramda yer alır. Bu, texniki bilikləri məhdud olan, lakin bu sahədə potensialı olan iştirakçılar üçün növbəti mərhələlərə keçid imkanı yaradır.
Dərslərlə yanaşı, sosial bacarıqları inkişaf etdirən seminarlar, mentorluq proqramı, istehsalat təcrübəsi və sosial məsuliyyət yönümlü fəaliyyətlər də nəzərdə tutulur. Bu komponentlər layihənin sistemli və hərtərəfli şəkildə həyata keçirilməsini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Dərslər hibrid formatda — Gəncə şəhərində yerləşən Mir Cəlal Paşayevin Muzeyində, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində fəaliyyət göstərən Gəncə STEAM Mərkəzində əyani şəkildə və eyni zamanda onlayn formatda təşkil olunur.
Yeni seçim mərhələsi Sentyabr ayında elan olunacaqdır.
Qeyd edək ki, “Yaradıcılıq, İnnovasiya və Sahibkarlıq” layihəsi Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə və ADA Universitetinin hazırlanmaqda olan 2025–2030-cu illəri əhatə edən Strateji Planına uyğun şəkildə regionlarda müasir təhsilə çıxış imkanlarının artırılmasına və yaradıcı, innovativ gənclərin yetişdirilməsinə xidmət edir.