Bakı. Trend:
Cənubi Koreya ordusu təbliğat məqsədilə KXDR ilə sərhəddə quraşdırılmış stasionar səsgücləndiricilərin söküntü işlərini yekunlaşdırıb.
Trend xəbər verir ki, bu haqda “Yonhap” orduya istinadən xəbər verir.
Məlumata əsasən, avqustun 5-i günortaya kimi 20 aparatın hər biri demontaj olunub. Ölkənin Müdafiə Nazirliyi əmin edir ki, bu gedişat Seulla Pxenyan arasında gərginliyi azaltmaq məqsədi daşıyır.
Cənubi Koreya ordusunun sərəncamında, eyni zamanda, səyyar retranslyatorların olduğu bildirilir.
Xatırladaq ki, iyunun 11-də Koreyanın yeni prezidenti Li Çje Myön KXDR ilə sərhəddə səsgücləndiricilərlə yayımın dayandırılmasına dair göstəriş verib. Əvvəllər təbliğat xarakterli yayıma xəbərlər, KXDR-də dövlət quruluşuna qarşı tənqidlər, populyar Cənubi Koreya mahnıları və hava proqnozu daxil idi.