Bakı. Trend:
İran Hörmüz boğazının bağlanmasının mümkünlüyünü nəzərdən keçirir.
Trend-in xəbərinə görə, bu haqda İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin üzvü Benham Səidi açıqlama verib.
“Hörmüz boğazının bağlanması İran İslam Respublikasının nəzərdən keçirdiyi variantlardan biridir”, - deyə o “Mehr” agentliyinə bildirib.
“İran İslam Respublikasının düşmənləri bilməlidilər ki, onlar bizim vətənə, bizim xalqa hədə-qorxu gəlsələr, mütləq bunun sarsıdıcı cavabını alacaqlar. Düşmənə hansı şəkildə cavab verəcəyimizlə bağlı qərar vəziyyətin nəzərə alınması ilə qəbul olunacaq”, - deyə deputat əlavə edib.
Xatırladaq ki,13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.