...

Azərbaycan ölkəni UFC-də üç döyüşçünün təmsil etməsi ilə fəxr edə bilər - UFC çempionu (FOTO)

İdman Materials 19 İyun 2025 17:32 (UTC +04:00)
Azərbaycan ölkəni UFC-də üç döyüşçünün təmsil etməsi ilə fəxr edə bilər - UFC çempionu (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Hər zaman barəsində yalnız müsbət sözlər eşitdiyim Azərbaycana ilk dəfə gəlirəm və Bakıda deyilənlərin həqiqət olduğuna şəxsən əmin oldum - burada hər şey yüksək səviyyədə təşkil olunub.

Trend xəbər verir ki, bunu jurnalistlərə verdiyi açıqlamada “UFC Fight Night Baku”nun fəxri qonağı – gürcü əsilli amerikalı MMA döyüşçüsü Merab Dvalişvili bildirib.

O qeyd edib ki, xüsusilə Azərbaycan mətbəxi ona çox xoş təsir bağışlayıb.Dvalişvili Azərbaycan və Gürcüstanın qonşu və dost ölkələr olduğunu və burada olmaqdan böyük məmnunluq hissi keçirdiyini bildirib.

“Hesab edirəm ki, Azərbaycanda UFC turnirinin keçirilməsi ölkə üçün böyük hadisədir. Çox istərdim ki, belə bir tədbir Gürcüstanda da keçirilsin, lakin bu kifayət qədər mürəkkəb məsələdir. Qarşıdan gələn döyüşlərdə bütün azərbaycanlı idmançılara uğurlar arzulayıram. Azərbaycanda hər zaman güclü döyüşçülər olub, o cümlədən, xaricdə yaşayan və çıxış edənlər arasında da. Bu gün ölkəni UFC-də təmsil edən üç idmançı ilə fəxr etmək olar. Onlardan biri – dostum Nazim Sadıxovdur. Biz Nyu-Yorkda birgə məşq etmişik, onun debüt döyüşünü izləmişəm, indi isə Las-Veqasda birlikdə məşqləri davam etdiririk. Biz bir sürpriz hazırlamışıq və Nazim oktaqona çıxdıqda hamınız bunu görəcəksiniz”, – deyə Dvalişvili vurğulayıb.

İdmançının sözlərinə görə, Gürcüstanda da UFC Fight Night Baku turnirinə böyük maraq var – Tbilisidən və Batumidən Bakıya biletlər qısa müddətdə satılıb, çoxları bu tədbirə qatılmaq istəyib.

Gecənin əsas qarşılaşması isə keçmiş UFC yarım-orta çəki dərəcəsi çempionu Camal Hill ilə sabiq titul iddiaçısı Xəlil Rauntri arasında olacaq.

Bəs Meraba görə, qarşılaşmanın favoriti kimdir?

“Hər ikisi əla döyüşçülərdir. Hill ilə çoxdan dostuq, Rauntri ilə isə eyni zalda məşq edirik və onunla da yaxşı münasibətlərimiz var. Bu baxımdan, favorit seçmək mənim üçün çətindir – hər ikisinə uğurlar arzulayıram”, – deyə o əlavə edib.

Qeyd edək ki, Merab Dvalişvili hazırda UFC-nin ən yüngül çəki üzrə çempionudur və UFC-nin çəki kateqoriyasından asılı olmayan ümumi reytinqində (pound-for-pound) ikinci yerdə qərarlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti