Bakı. Trend:
Bakı Dövlət Universiteti (BDU) ali təhsil sahəsində dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən tərtib edilən “QS World University Rankings 2026: Top global universities” cədvəlində 688-ci yerdə qərarlaşaraq, növbəti mühüm uğura imza atıb. Bu nəticə Universitetin ötənilki 951–1000 aralığındakı mövqeyindən əhəmiyyətli irəliləyişə nail olduğunu göstərir. Qeyd olunan göstərici BDU-nun təkcə Azərbaycanda ali təhsil sahəsində deyil, bütün Cənubi Qafqazda lider mövqeyini bir daha təsdiqləyir və beynəlxalq akademik arenada artan nüfuzunun növbəti təsdiqidir.
Trend xəbər verir ki, QS agentliyi tərəfindən yeni reytinq sıralaması hazırlanarkən 105 ölkədən 8467 universitetin məlumatları qiymətləndirilib, onlardan yalnız 1501 universitet dünya reytinq siyahısına daxil edilib. Reytinqin hesablanmasında ali təhsil müəssisələrinin akademik nüfuzu, işəgötürənlər arasında tanınma səviyyəsi, elmi nəşrlərin miqdarı və onlara edilən istinadlar, məzunların məşğulluğu göstəriciləri, əcnəbi akademik heyət və tələbə nisbəti, beynəlxalq tədqiqat əməkdaşlıqları və dayanıqlılıq meyarları əsas götürülür.
BDU-nun bu uğuru son illərdə Universitetin elmi fəaliyyətinin intensivləşdirilməsi, tədris və idarəetmə proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə qlobal tərəfdaşlıqların inkişafı istiqamətində atılan məqsədyönlü addımların nəticəsi olmaqla yanaşı, həm də elm, təhsil və innovasiyanın inteqrasiyasına əsaslanan strateji yanaşmanın, sənaye və özəl sektorla qurulan funksional əməkdaşlığın, eləcə də insan kapitalının inkişafına yönəlmiş kompleks islahatların göstəricisidir.
Bu dövrdə Universitetdə qabaqcıl tədqiqat istiqamətlərinin dəstəklənməsi, tətbiqyönümlü layihələrin təşviqi, tələbə-məzun bacarıqlarının əmək bazarının çağırışlarına uyğunlaşdırılması və rəqəmsal transformasiya ilə müşayiət olunan idarəetmə modellərinin tətbiqi kimi mühüm təşəbbüslər həyata keçirilib. Eyni zamanda, BDU beynəlxalq şəbəkələrdə fəal iştirakını genişləndirərək, nüfuzlu akademik institutlarla, sənaye liderləri və texnoloji şirkətlərlə tərəfdaşlıq əlaqələrini gücləndirib, bu əməkdaşlıqlar vasitəsilə həm elmi nəticələrin praktiki tətbiqini, həm də innovasiya yönümlü tədris mühitinin formalaşmasını təmin edib.
BDU rəhbərliyi bu mühüm göstəricinin əldə olunmasında əməyi olan
akademik və inzibati heyətə, tələbələrə və Universitetin bütün
tərəfdaşlarına dərin təşəkkürünü bildirir. Universitet növbəti
illərdə daha yüksək pillələrdə yer almağı və Azərbaycanın
beynəlxalq ali təhsil məkanında mövqeyinin güclənməsinə töhfə
verməyi qarşıya əsas məqsəd kimi qoyur. Eyni zamanda, QS
reytinqində yer alan digər Azərbaycan universitetlərini bu uğurları
münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni
nailiyyətlər arzulayırıq.
Xatırladaq ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə
sosial-iqtisadi inkişaf strategiyası”na əsasən, ölkənin ən azı üç
ali təhsil müəssisəsinin dünyada TOP-800-lükdə təmsil olunması
strateji hədəf kimi müəyyən edilib. BDU bu hədəfə artıq nail
olmağın qürurunu yaşayır və ölkənin digər universitetlərinin də
qlobal reytinqlərdə irəliləyəcəyinə inanır.