Kahramanmaraş. Trend:
Kahramanmaraşdakı yeni evlər xalqların ümidinin və birliyinin zaminidir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum Kahramanmaraşda Azərbaycan məhəlləsinin təntənəli açılış mərasimində bildirib.
“Zəlzələdən zərər çəkmiş torpaqlarda yaşayan bütün qardaşlarımızı, qəhrəmanlar yurdu Kahramanmaraş sakinlərini sevgi, hörmət və ehtiramla salamlayıram”, - deyə Murad Kurum bildirib.
Nazir bu gün sakinlərə təhvil verilən yeni binaların əhəmiyyətinə toxunaraq deyib:
“Təhvil verdiyimiz hər yeni ev bölgədəki hər bir bacı-qardaşımız, eləcə də, bütün ölkəmiz və millətimiz üçün xeyirli olsun. Bu gün burada olduğunuz və tədbirə öz iştirakınızla gözəllik qatdığınız üçün təşəkkür edirəm”.
Zəlzələ faciəsindən danışan nazir bildirib:
“Əsrin ən böyük sınaqlarından birini yaşadıq – yer titrədi, şəhərlər dağıldı, ürəklər parça-parça oldu. Amma ilk andan ümidsizliyə qapılmadıq. Birlikdə ümidi qucaqladıq, birlikdə irəlilədik. Dağıntılar altında yalnız insan həyatını deyil, həm də həmrəyliyi, ümidi və qardaşlığı tapdıq. Bunun üçün hər birinizə minnətdaram”.
Murad Kurum bərpa işlərinin fasiləsiz davam etdiyini vurğulayıb:
“İlk gündən fasiləsiz çalışdıq – axtarış-xilasetmə əməliyyatlarından tutmuş müvəqqəti yaşayışa, əsas ehtiyacların təminindən daimi evlərin inşasına qədər hər mərhələdə xalqımızın yanında olduq, hər bir insanımıza dəstək verdik”.
Murad Kurum müəyyənləşdirilmiş hədəflərə uğurla çatdıqlarını xatırladıb:
“Söz vermişdik ki, sentyabra qədər 100 min evi təhvil verəcəyik – bunu etdik. Oktyabra qədər 130 min, noyabra qədər 155 min, yanvara qədər isə 201 min evin təhvilini hədəfləmişdik. Şükürlər olsun, bu hədəflərin hamısına nail olduq”.