Bakı. Trend:
Bu ilin birinci rübündə Türkiyənin Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 300,855 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 39,447 milyon ABŞ dolları və ya 15,1% artıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Türkiyədən yatırılan investisiyaların payı 19,8% təşkil edib. Bununla da Türkiyə dövr ərzində Azərbaycan iqtisadiyyatına investisiya yatıran ölkələr sırasında ikinci pillədə qərarlaşıb.
Öz növbəsində, Azərbaycan 2025-ci ilin ilk rübündə Türkiyə iqtisadiyyatına 92,582 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 52,552 milyon ABŞ dolları və ya 2,3 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Türkiyəyə həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 29,4% təşkil edib. Bununla da hesabat dövrü ərzində Azərbaycanın ən çox investisiya yatırım etdiyi ölkələrin sırasında Türkiyə iqtisadiyyatı ilk yerdə mövqe tutub.
Xatırladaq ki, 2024-cü ildə Türkiyədən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 261,408 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 40,030 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya 4,6% azdır.