...

Macarıstanın İrandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq Bakıda həyata keçirəcək

Siyasət Materials 19 İyun 2025 14:35 (UTC +04:00)
Macarıstanın İrandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq Bakıda həyata keçirəcək
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto Macarıstanın İrandakı səfirliyinin fəaliyyətini müvəqqəti olaraq Bakıda davam etdirəcəyini bildirib.

Trend xəbər verir ki, o, bu barədə sosial şəbəkə səhifəsindəki videomüraciətində qeyd edib.

“İranda yaşayan bir neçə Macarıstan vətəndaşı təxliyə olunmaq üçün müraciət edib. İranda raket və bomba zərbələri davam etdiyindən, hava məkanı bağlandığından, əməliyyat ciddi hazırlıq tələb edirdi”,- deyə Siyarto qeyd edib.

Nazirin sözlərinə görə, detallı planlaşdırmadan sonra macar hakimiyyəti xüsusi avtomobil nəqliyyatından istifadə etməklə Azərbaycan istiqamətində quru yoluyla təxliyəni təşkil edib.

“Dünən təxliyəyə başladıq və sərhəddə 12 saatlıq gözləmədən sonra bu gün səhər altı macar vətəndaşı sərhədi keçərək Azərbaycana daxil ola bildi”, – deyə nazir bildirib.

Təxliyə olunan şəxsləri Macarıstanın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıb. Hazırda onlar Azərbaycanın paytaxtındadır və oradan vətənə qayıdışları təşkil olunur.

Əməliyyatın başa çatmasından sonra Siyarto İranda olan bütün diplomatların və onların ailə üzvlərinin də təxliyə olunması göstərişini verib.

“Kömək üçün müraciət etmiş bütün vətəndaşları çıxara bildiyimiz üçün səfirliyin əməkdaşlarını və onların ailələrini də (İrandan) çıxarmaq qərarı verdim”, – deyə o əlavə edib.

Nazirin sözlərinə görə, uşaqlar da daxil olmaqla ümumilikdə 15 nəfər sərhədi keçib. “Beləliklə, Azərbaycana 15 nəfər – səfirlik əməkdaşları və onların ailə üzvləri daxil olub. Təhlükəsizlik vəziyyəti yaxşılaşana qədər Macarıstanın Tehrandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq Bakıdan həyata keçirəcək”, – deyə Siyarto vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti