Bakı. Trend:
Son illərdə aparılan sosial islahatlar əmək münasibətləri sahəsini də əhatə edir.
Trend xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev “DOST to DOST” layihəsi çərçivəsində “Əmək münasibətləri” adlı təlim proqramının bağlanış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, əmək qanunvericiliyinin mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, habelə əmək və məşğulluq sahələrində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir:
"“DOST to DOST” layihəsi çərçivəsində təşkil olunan təlim proqramı gənclərin əmək münasibətləri ilə bağlı maarifləndirilməsində mühüm rol oynayır. Bu cür təşəbbüslər gənclərin əmək bazarına inteqrasiyasını sürətləndirməklə yanaşı, onların hüquq və vəzifələri barədə məlumatlılıq səviyyəsini də artırır".
Nazir müavini əlavə edib ki, təlim proqramı çərçivəsində iştirakçılar əmək müqavilələrinin bağlanması, əmək şəraitinin təmin olunması, sosial sığorta sisteminə qoşulma və digər mühüm mövzularda ətraflı biliklər əldə ediblər.
“Bu təşəbbüslərin gələcəkdə daha geniş miqyasda tətbiqi gənclərin məşğulluq imkanlarının artırılmasına ciddi töhfə verəcək”, – deyə o vurğulayıb.