Bakı. Trend:
İran ordusu İsrailə qarşı pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumların altıncı mərhələsinə başladığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmi bəyanat yayıb.
“Altıncı mərhələdə İran İslam Respublikası Ordusunun döyüş başlıqları ilə təchiz olunmuş onlarla dronu İsrail istiqamətinə göndərilib və təyin olunmuş hədəflərə ciddi ziyan vurulub”, – deyə bəyanatda bildirilib.
Xatırladaq ki, iyunun 13-də səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Hücum nəticəsində bir sıra yüksək rütbəli hərbçilər, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, SEPAH-ın baş komandanı Hüseyn əl-Salami, Ənbiya Əl-Salami Komandanlığının iki yüksək vəzifəli zabiti – Qulaməli Rəşid və Əli Şadmani, SEPAH Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə, doqquz nüvə alimi və digər yüksək vəzifəli məmurlar həlak olub.
Eyni gün İran cavab olaraq İsrailin Təl-Əviv də daxil olmaqla müxtəlif ərazilərinə 150-dən çox ballistik raket və 100-dən artıq PUA ilə hücum təşkil edib. Nəticədə mülki əhali arasında itkilər və genişmiqyaslı dağıntılar qeydə alınıb.