Bakı. Trend:
Qazaxıstanın Aktau şəhərində "Azərbaycan və Qazaxıstan: Konstitusiya və Suverenlik ilində əlaqələrin möhkəmləndirilməsi" adlı I Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi təşkil edilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Məktəb Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərbaycan Mərkəzi” İctimai Fondunun təşkilatçılığı ilə keçirilib.
Azərbaycan, Qazaxıstan və digər türk dövlətlərindən 40 dinləyici konstitusiya quruculuğu, suverenlik tarixi, mədəniyyətlərarası dialoq sahəsində təcrübə və bilik mübadiləsi aparmaq imkanı qazanıblar. Düşərgədə Azərbaycandan gedən alimlər Eldar Cəfərov (Bakı Dövlət Universiteti) və Elvin Talışinski (Azərbaycan Universiteti) də iştirak ediblər.
Yay məktəbinin proqramına seminarlar, məşğələlər, Abiş Kekilbayevin adını daşıyan muzeyə ziyarət və dəniz ekskursiyası daxil olub.
Tədbirin bağlanış mərasimində Azərbaycan, Türkiyə, Özbəkistan və Türkmənistanın baş konsulları iştirak ediblər.
"Azərbaycan Mərkəzi"nin direktoru İlkin Orucov Yay məktəbinin işinin yekunlarını açıqlayıb. Məktəbin gənclər arasında əməkdaşlığın inkişafına və Azərbaycan ilə Qazaxıstanın qardaşlıq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfədən bəhs edib.
Azərbaycanın Aktaudakı Baş Konsulu Ayxan Süleymanlı Yay məktəbinin uğurla keçirilməsindən məmnunluğunu ifadə edərək təhsil və mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu bildirib.
Yesenov Universitetinin nümayəndəsi Elvira Canqojaeva universitetin bazasında belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək "Azərbaycan Mərkəzi" ilə əməkdaşlığın davam etdirilməsinə ümidvar olduğunu söyləyib.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov ölkələr arasında əlaqələrin möhkəmlənməsində gənclərin rolunu vurğulayıb, Yay məktəbinin iştirakçılarına və təşkilatçılarına təşəkkür edib.
"Dostluq" Etno-mədəni Birliyinin sədri Şəmsəddin Hüseynov Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafının və bu prosesdə gənclərin rolunun vacibliyindən danışıb.
İştirakçılara sertifikatlar təqdim edildikdən sonra tədbir bədii hissə ilə başa çatıb.