Bakı. Trend:
Bu ilin yanvar - may ayları ərzində Azərbaycanda 131 490 müraciət üzrə 197 724 "Asan İmza" sertifikatı verilib.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin yanvar - may ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 256 215 şəxs qəbul edilib və onlara 406 303 sayda xidmət göstərilib ki, bunun da 139,6 mindən çoxu şifahi xidmətlər (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualları cavablandırılması), 95,6 mindən çoxu elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.
Bildirilib ki, yanvar - may aylarında vergi ödəyicilərindən daxil olmuş 15 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 11,9 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 1 908 vergi ödəyicisinin iştirakı ilə 174 görüş keçirilib, 2 161 ödəyiciyə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 559 minə yaxın SMS göndərilib.