Bakı. Trend:
Bərdə və Ağcabədi rayonlarında müəllimlərin sertifikasiya imtahanı keçirilib.
Trend xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı keçirilib.
Belə ki, imtahana Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində
olan təhsil müəssisələrinin pedaqoji heyəti qatılıb. Bu il ilk dəfə
olaraq sertifikasiya imtahanlarında Xankəndi şəhər N. Gəncəvi adına
4 nömrəli tam orta məktəb, Şuşa şəhər 1 nömrəli orta məktəb, Ağdərə
rayon Talış kənd orta məktəb, Füzuli şəhər Mirzə Uluqbəy adına 1
nömrəli tam orta məktəb, Xocalı rayon 1 nömrəli orta eləcə də
Xocalı rayon Ballıca kənd orta məktəbdə çalışan təhsil verənlər
iştirak edib.
Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəb və Ağcabədi
şəhər M. Aranlı adına 11 nömrəli tam orta məktəblərin inzibati
binasında keçirilən imtahan prosesi tam şəffaf şəkildə və elektron
qaydada təşkil olunub. Elm və Təhsil nazirliyinin Məktəbəqədər və
ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı və Qarabağ
Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli imtahanın
keçirildiyi Bərdə şəhər N. Nərimanov adına 3 nömrəli tam orta
məktəbə gələrək proseslə tanış olub və müəllimlərə uğurlar
arzulayıblar. Hər iki rayonda təşkil edilən imtahanlarda 1894
müəllim iştirakı üçün şərait yaradılıb.
Qeyd edək ki, imtahanda 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilir. İmtahan prosesi 120 dəqiqə çəkir.Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan olunub.