...

Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb - RƏSMİ

Siyasət Materials 5 Mart 2026 19:04 (UTC +04:00)
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb - RƏSMİ
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qəbul edilən qərara dair məlumat yayıb.

Trend Nazirlər Kabinetinin məlumatını təqdim edir:

"Məlumat verildiyi kimi, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.

Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb. Hücumlar nəticəsində bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib.

Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılması barədə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib".

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti