Bakı. Trend:
5 mart 2026-cı il tarixində Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir Ceyhun Bayramov 5 mart tarixində mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunu vurğulayıb.
İran İslam Respublikasından qeyd olunan məsələyə aydınlıq gətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb etdiyimiz Qazaxıstan tərəfinin diqqətinə çatdırıb.
Qazaxıstan naziri bu hücumlardan dərin narahatlıq ifadə edib, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.
