Bakı. Trend:
İordaniyanın Xarici İşlər və Xaricdə Yaşayanlarla İş üzrə Nazirliyi İranın qardaş Türkiyə Respublikasına və qardaş Azərbaycan Respublikasına qarşı hücum cəhdini ən sərt ifadələrlə pisləyir.
Trend xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, İordaniya bu hücumları qəti şəkildə rədd edir və onları hər iki dövlətin suverenliyinin açıq şəkildə pozulması, həmçinin regionun təhlükəsizliyi və sabitliyini təhdid edən təhlükəli eskalasiya kimi qiymətləndirir.
Nazirlik bəyanatda həmçinin vurğulayıb ki, İordaniya qardaş Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə tam həmrəydir və onların suverenliyini, təhlükəsizliyini və vətəndaşlarının salamatlığını qorumaq üçün atacaqları bütün addımlarda yanındadır.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.
