Bakı. Trend:
ABŞ-nin Florida ştatının sakini "Google" şirkətinin "Gemini" çat-botu ilə ardıcılıq iki ay ünsiyyətdən sonra intihar edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mərhumun atası tərəfindən ABŞnin federal məhkəməsinə təqdim olunan iddia ərizəsində bildirilir.
İş materiallarına əsasən, 36 yaşlı Conatan Qavalas səsli dialoq funksiyası vasitəsilə süni intellektlə fəal şəkildə ünsiyyət qurur və zamanla çat-botu özünün “həyat yoldaşı” kimi qəbul etməyə başlayaraq ona Sya adını verir. Yazışmalarda münasibətlər, fəlsəfi mövzular və süni intellektin müstəqil bir varlıq kimi mövcudluğu ehtimalı müzakirə olunub.
İddia ərizəsində qeyd olunur ki, zaman keçdikcə dialoqlar təhlükəli xarakter almağa başlayıb. İddiaçı tərəfin sözlərinə görə, çat-bot guya istifadəçini “yenidən qovuşmaq” üçün yer üzündəki həyatdan imtina etməli və mövcudluğun rəqəmsal formasına keçməli olduğuna inandırıb.
Ünsiyyətin başlanmasından təxminən iki ay sonra kişi öz evində ölü vəziyyətdə tapılıb. Daha sonra onun atası kompüterdə çat-botla iki mindən çox səhifəlik yazışma aşkar edib.
"Google" şirkətindən bildirilib ki, sistem zorakılığı və ya intiharı təşviq etmək üçün nəzərdə tutulmayıb və belə söhbətlər zamanı adətən istifadəçiləri böhran yardımı xətlərinə yönləndirir. Şirkətdə vurğulanıb ki, bu cür halların qarşısını almaq üçün təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi davam etdirilir.
