Bakı. Trend
İsrail İranla münaqişədən sonra ölkə xaricində qalmış 20 mindən çox vətəndaşını ölkəyə qaytarıb.
Trend “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nəqliyyat Nazirliyi bildirir ki, son bir neçə gün ərzində xaricdə qalmış 20 000-dən çox İsrailli quru sərhəd keçid məntəqələri və dəniz marşrutları vasitəsilə vətənə qayıdıb.
Hazırda İsrailə geri dönmək istəyən 120 min israilli dünyanın müxtəlif ölkələrinin aeroport və otellərində gözləməkdədir. İsrailin Nəqliyyat Nazirliyi hesab edir ki, onların repatriasiyası 7–10 gün çəkə bilər.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.
