Bakı. Trend:
Moldova martın 5-də Naxçıvanda mülki infrastruktura pilotsuz uçuş aparatları endirilmiş zərbələri pisləyir.
Trend xəbər verir ki, bu barədə Moldovanın Xarici İşlər Nazirliyinin "X" səhifəsində yaydığı bəyanatda deyilir.
Nazirlik bildirib ki, hücumlar nəticəsində mülki şəxslər zərər çəkib və bu cür hərəkətləri yolverilməz adlandırıb.
“Moldova martın 5-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı mülki obyektləri hədəf alan və nəticədə dinc sakinlərin zərər görməsinə səbəb olan pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücumları qətiyyətlə pisləyir”, – bəyanatda qeyd olunur.
Moldova həmçinin Azərbaycanla həmrəyliyini ifadə edib və ölkənin suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib, baş vermiş bu kimi insidentlərin beynəlxalq hüququ pozduğunu vurğulayıb.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.
