Bakı. Trend:
Cənub qonşumuz olan İran Azərbaycana qarşı münasibətlərində heç vaxt səmimi və dürüst olmayıb. Bu barədə kifayət qədər faktlar söyləmək mümkündür. Martın 5-də İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə dronlarla xain hücumun edilməsi də İranın Azərbaycana qarşı nankor və riyakar münasibətinin növbəti göstəricisi oldu. Bu hadisə həm də İranın Azərbaycana qarşı törətdiyi növbəti terror hadisəsidir.
Məlum olduğu kimi Azərbaycan Respublikası İranla münasibətlərə hər zaman mehriban qonşuluq prinsiplərindən yanaşmışdır. Azərbaycan ikitərəfli əlaqələrə azacıq da olsa kölgə salacaq addım atmamış, yaxın qonşusu olmasına, ortada olan bir çox mənəvi bağlılıqlara baxmayaraq İranın daxili işlərinə qarışmamış, bu qonşu ölkədə əmin-amanlığın olmasını arzulamışdır. Ölkəmiz habelə beynəlxalq müstəvidə İranın milli maraqlarına zidd olan təşəbbüslərə və siyasi qarşıdurmalara qoşulmamışdır. Çünki İranda hər hansı xoşagəlməz hadisənin baş verməsi, bu ölkənin hər hansı münaqişəyə cəlb edilməsi, başqa dövlətlə toqquşması Azərbaycanın ümumi geopolitik, siyasi və iqtisadi maraqları ilə uzlaşmır. Azərbaycan istəyir ki, bölgədə sabitlik olsun, o cümlədən İran digər ölkələrlə öz münasibətlərini sülh və əmin-amanlıq şəraitində qursun.
Fevral ayının 28-dən başlanan məlum hadisələrdən sonra da Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırmışdır.
Martın 1-də Azərbaycan və İranın xarici işlər nazirlərinin telefon danışığında İranda hərbi əməliyyatlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunmuş, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanmışdır.
Prezident İlham Əliyev martın 1-də İran Prezidenti Məsud Pezeşkiana məktubunda Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı ilə əlaqədar başsağlığı vermişdir. Həmçinin Prezident İlham Əliyev martın 4-də İranın ölkəmizdəki səfirliyində olmuş, Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı vermişdir. Prezident İlham Əliyevdən başqa heç kim İran səfirliyinə gedib başsağlığı verməmişdir.
Bütün bunlara rəğmən Naxçıvana dronlarla edilən hücum İran dövlətinin Azərbaycana qarşı münasibətdə yenə də riyakar mövqedən çıxış etdiyini göstərir. İranın Naxçıvan ərazisinə terrorçu hücumu ilə bağlı Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısının qeyd etdiyi kimi bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Azərbaycan ərazisinin İrana qarşı istifadə edilmədiyi halda cənub qonşumuzun bu hərəkəti naxələflikdən başqa bir şey deyildir.
İranın hədəfinin məhz mülki infrastruktur olması isə onun terrorçu simasını ortaya qoyur. Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev bu hadisənin Azərbaycan dövlətinə qarşı terror aktı olduğunu bildirmişdir:
"Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir".
İran dövləti bundan əvvəl də Azərbaycana qarşı bu cür çirkin və terrorçu hərəkətlərə yol vermişdir. Azərbaycan dövlətinin Vətən müharibəsindəki qələbəsini, torpaqlarını işğaldan azad etməsini həzm edə bilməyən, Araz çayı sahilində hərbi təlimlər keçirərək Azərbaycanı təhdid edən İranda 2023-cü il yanvar ayının 27-də Azərbaycan səfirliyinə edilən terrorçu hücum yaxşı xatirimizdədir. Səfirliyin ərazisi toxunulmazdır. Bu mənada 3 il əvvəl Tehranda səfirliyimizə edilən xain və terrorçu hücumda məqsəd, elə Azərbaycana qarşı terror törətmək idi.
Lakin İrandan fərqli olaraq Azərbaycan Respublikası qonşularına qarşı heç vaxt riyakar və qərəzli mövqe tutmamışdır. Əksinə dövlətimiz həmişə dar gündə qonşularına köməkliklər göstərmişdir. Respublikamız İrana da humanitar yardım göndərməyi planlaşdırırdı. Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev bir faktı da diqqətə çatdırdı ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edərək İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsi üçün kömək istəyib. Prezident İlham Əliyevə məruzə edildikdən sonra dövlətimizin başçısı köməklik göstərilməsi barədə dərhal göstəriş verib. Lakin bütün bunların müqabilində İran Azərbaycana qarşı namərdlik etdi.
"Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək", - deyə Prezident İlham Əliyev bildirib.
İranın Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi İranın nankorluğu, nanəcibliyi, dinc sakinlərə və mülki infrastruktura qarşı həyata keçirdiyi terrordur. Bütün bunlara görə məsuliyyət tam şəkildə İranın üzərinə düşür. Əlbəttə Azərbaycan məsələni cavabsız qoymayacaq və respublikamız müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar.
Xanlar Fətiyev
Milli Məclisin deputatı