...

İranın Azərbaycan ərazisinə hücumu regionda sabitliyi bilərəkdən pozmaq və münaqişəni genişləndirmək cəhdidir - Sevil Mikayılova

Siyasət Materials 5 Mart 2026 17:37 (UTC +04:00)
İranın Azərbaycan ərazisinə hücumu regionda sabitliyi bilərəkdən pozmaq və münaqişəni genişləndirmək cəhdidir - Sevil Mikayılova
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İran ərazisindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikası ərazisinə zərbə endirilməsi açıq hərbi təcavüz və terrordur. Hədəflər arasında mülki obyektlərin, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanı terminalının olması bu hücumun təsadüfi deyil, planlı və məqsədli xarakter daşıdığını göstərir. Mülki infrastruktura qarşı yönəlmiş zərbələr beynəlxalq humanitar hüququn kobud şəkildə tapdanmasıdır və bunu heç bir siyasi bəhanə ilə əsaslandırmaq mümkün deyil.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, bu hücumun bütün siyasi və hüquqi məsuliyyəti birbaşa İran tərəfinin üzərinə düşür:

"Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsi dövlətlərin bir-birinə qarşı silahlı güc tətbiqini açıq şəkildə qadağan edir. Suveren dövlətin ərazisinə dron hücumu təşkil etmək beynəlxalq hüquqa meydan oxumaq, regionda sabitliyi bilərəkdən pozmaq deməkdir.

İran rəhbərliyi hadisə ilə bağlı dərhal və şəffaf izahat verməlidir. Susmaq və ya məsuliyyəti yayınmaq vəziyyəti daha da ağırlaşdıracaq. Regionda gərginliyin artmasına görə tam məsuliyyət hücumu təşkil edən tərəfin üzərində qalacaq".

S.Mikayılova əlavə edib ki, Azərbaycan indiyədək bütün qonşuları ilə münasibətlərində beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsipinə sadiq qalıb:

"Rəsmi Bakı heç vaxt öz ərazisinin üçüncü dövlətlərə qarşı istifadə olunmasına imkan verməyib və bu mövqe dəfələrlə ən yüksək səviyyədə bəyan edilib. Azərbaycanın balanslı və məsuliyyətli siyasətinə qarşı bu cür hücum açıq düşmənçilik aktıdır.

Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev İran rəhbərliyinə humanitar jestlər göstərdiyi, başsağlığı verdiyi və hətta humanitar yardım planlaşdırdığı bir vaxtda belə bir addımın atılması siyasi riyakarlığın və etimadsızlığın göstəricisidir. Azərbaycan dar gündə qonşularına dəstək verib, lakin cavab olaraq silahlı təxribatla üzləşib".

Deputat əlavə edib ki, bu, İran tərəfindən ilk təhlükəli addım deyil.

"Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyinə qarşı silahlı hücum iki ölkə arasında münasibətləri ciddi şəkildə sarsıtmışdı. Ard-arda baş verən təhlükəsizlik insidentləri göstərir ki, problem təsadüfi deyil, sistemlidir və məqsədli şəkildə etimad mühitini dağıtmağa yönəlib.

Azərbaycan Respublikası beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququnu özündə saxlayır. Silahlı hücuma məruz qalan hər bir dövlət kimi Azərbaycan da öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün qanuni vasitələrdən istifadə etmək hüququna malikdir. Tarix göstərir ki, Azərbaycana qarşı təxribat və təcavüz edən tərəflər sonda bunun nəticələrini ağır şəkildə hiss ediblər. Bu dəfə də istisna olmayacaq", - deyə S. Mikayılova fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti