Bakı. Trend:
Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti nəticəsində 147.3 ha ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Minatəmizləmə Agnetliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, icra edilən əməliyyatlar zamanı 979 ədəd piyada əleyhinə mina, 95 ədəd tank əleyhinə mina və 48 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Bu ərazilərdə həm relief çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur.
Xatırladaq ki, ötən ilin delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.
Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
.