...

Azərbaycanda kazino oyunlarının təşkili və keçirilməsi üçün hüquqi əsas yaradılır

Cəmiyyət Materials 18 İyun 2025 14:00 (UTC +04:00)
Azərbaycanda kazino oyunlarının təşkili və keçirilməsi üçün hüquqi əsas yaradılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsi üçün hüquqi əsas yaradılır.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında kazino oyunları bu qanunun tələbləri nəzərə alınmaqla yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə biləcək.

Bu qanunun məqsədləri üçün kazino oyunları dedikdə süni torpaq sahələrində həmin oyunların təşkili və keçirilməsi üçün xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə rulet çarxı, kart, oyun masaları, zər və oxşar oyun avadanlığı, habelə slot oyun avtomatları vasitəsilə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar başa düşülür. “Lotereyalar haqqında” Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalar və “Bədən tərbiyəsi və idman haqqında” Qanunla müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları kazino oyunları hesab olunmayacaq.

Kazino oyunlarının virtual formada, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkəsi, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan platformalar vasitəsi ilə təşkilinə, keçirilməsinə, həmin oyunlarda iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüquqlarının) satışına, həmçinin iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank və digər ödəniş hesabı üzrə digər əməliyyatlarının maliyyə institutları tərəfindən icrasına (aparılmasına) yol verilməyəcək.

Kazino oyunları “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı həmin qanunda nəzərdə tutulan nəzarət orqanının (rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxslərə münasibətdə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)) rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən lisenziyanı əldə edən hüquqi şəxs (kazino oyunlarının təşkilatçısı) tərəfindən təşkil ediləcək. Kazino oyunlarının təşkili üçün lisenziya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi şərtləri (tələbləri) yerinə yetirən hüquqi şəxsə veriləcək.

Kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Kazino oyunlarının təşkilatçısı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı həmin qanunda nəzərdə tutulan nəzarət orqanının (rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxslərə münasibətdə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)) rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə kazino oyunlarının keçirilməsi üçün mülki hüquqi müqavilələr əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən hüquqi şəxsi (kazino oyunlarının operatorunu) cəlb edə biləcək.

Kazino oyunlarının təşkili və keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Kazino oyunlarının təşkilatçısı və operatoru “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların, bu qanunla müəyyən edilmiş kazino oyunlarının təşkili və keçirilməsi qaydasının tələblərinə və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun bağlanılan lisenziya müqaviləsinin şərtlərinə əməl etməlidirlər. Bu tələblərin və şərtlərin pozulması kazino oyunlarını təşkil etmək hüququ verən lisenzivanın davandırılması və va ləğvi ücün əsas olacaq.

21 yaşınadək şəxslərin kazino oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

Yuxarıdakı müddəalar süni torpaq sahələrində “Lotereyalar haqqında” Qanunla müəyyən edilmiş qaydada lotereyaların və “Bədən tərbiyəsi və idman haqqında” Qanunla müəyyən edilmiş qaydada idman mərc oyunlarının keçirilməsini istisna etməyəcək.

Həmçinin, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin ediləcək. Süni torpaq sahələrində normativ hüquqi aktlarla qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər.

“Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişikliklər

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyənləşdirilir.

Qanun layihəsinə əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumu 340 min manat (lisenziyanın qüvvədə olduğu müddətdə hər il əlavə 340 min manat) təşkil edəcək. Bu dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti il lisenziyanın verildiyi günədək ödəniləcək.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən dəyişikliklər

Dövlət sirri təşkil edən məlumatların siyahısında dəyişiklik edilir.

Qanun layihəsinə əsasən, qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar (“Lotereyalar haqqında” Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında” Qanunla müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanunla müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla)” dövlət sirri təşkil edən məlumat hesab ediləcək.

Mövcud qanunvericiliyə əsasən, qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar dövlət sirri təşkil edən məlumat hesab edilir.

“Lisenziyalar və icazələr haqqında” Qanuna təklif edilən dəyişikliklər

Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı genişləndirilir. Qanun layihəsinə əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili bu siyahıya daxil ediləcək.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna təklif edilən dəyişikliklər

Kazino oyunlarının təşkilatçıları və operatorları qeyri-maliyyə institutları və peşə sahibləri hesab ediləcək.

Qanun layihəsinə əsasən, kazino oyunlarının təşkilatçısına və operatoruna münasibətdə bu qanunun 4-8-ci maddələrinin tələbləri müştəri tərəfindən 3 min manat məbləğində və ya daha artıq məbləğdə maliyyə əməliyyatları həyata keçirildikdə tətbiq ediləcək.

Kazino oyunlarının təşkilatçısı tərəfindən müştəri uyğunluğu tədbirləri, müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyə əməliyyatının onun barəsində bu tədbirlər çərçivəsində əldə edilmiş məlumat və sənədlərlə əlaqələndirilməsinə imkan verəcək qaydada həyata keçirilməlidir. Bu halda kazinolarda yalnız çiplər və ya tokenlər istifadə edilməklə aparılan kazino oyunları ilə bağlı əməliyyatlar maliyyə əməliyyatları hesab edilməyəcək.

“Reklam haqqında” Qanuna təklif edilən dəyişikliklər

Lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamı qaydaları müəyyənləşdirilir.

Qanun layihəsinə əsasən, lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamının sifarişçisi qismində “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanunda nəzərdə tutulmuş hüquqi şəxs çıxış edəcək.

İdman mərc oyununda, lisenziya əsasında təşkil edilən kazino oyununda və ya lotereyada uduş qazanmış şəxsin yazılı razılığı olmadan, adı reklamda açıqlana bilməz.

Lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamında aşağıdakılar qadağan ediləcək

  • yetkinlik yaşına çatmayanlara müraciət olunması;
  • bu cür oyunlarda, lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;
  • oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi, idman yarışlarında tərəflərdən birinin uduş ehtimalının artması ilə bağlı məlumatın təqdim olunması;
  • oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.

Lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamı telekommunikasiya, nəqliyyat vasitələrində, mediada, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə biləcək. Lisenziya əsasında təşkil edilən kazino oyunlarının açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdiriləcək.

Bu maddədə nəzərdə tutulan lotereyalar, idman mərc oyunları və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Qanunlarla müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilməyəcək.

Mülki Məcəlləyə təklif edilən dəyişikliklər

Lisenziya əsasında təşkil edilən kazino oyunlarından irəli gələn tələb müəyyənləşdirilir.

Qanun layihəsinə əsasən, kazino oyunlarının təşkili üçün lisenziyanın qanunla nəzərdə tutulmuş hallarda dayandırılması və ya ləğvi lisenziya əsasında təşkil edilən kazino oyunlarında uduş qazanmış şəxsin həmin uduşun kazino təşkilatçısından tələb edilməsinə dair hüququnu istisna etməyəcək. Lisenziya əsasında təşkil edilən kazino oyunlarında iştirakla bağlı mənafelər sığorta obyekti ola bilməz.

Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər

Qumar oyunlarının təşkili və ya keçirilməsi qaydalarında dəyişiklik edilir. Qanun layihəsinə əsasən, qumar oyunlarının təşkili və ya keçirilməsi ilə bağlı hər iki məcəllənin müddəaları “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanunla müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunlarına şamil edilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti