Bakı. Trend:
Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanıldı.
Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunub.
Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib. Prosesin ilk günündə 95 % davamiyyət qeydə alınıb.
Sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 19 müxtəlif şəhəri üzrə 39 imtahan mərkəzində təşkil edilir.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.
Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli
qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin
təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq
tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə
göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcəkdir.
Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar
arzulayırıq!