...

Məhkəmə Hüquq Şurasının 20 illik fəaliyyəti Azərbaycanın hüquq sistemində islahatların əsas dayağıdır - İnam Kərimov

Cəmiyyət Materials 18 İyun 2025 12:32 (UTC +04:00)
Məhkəmə Hüquq Şurasının 20 illik fəaliyyəti Azərbaycanın hüquq sistemində islahatların əsas dayağıdır - İnam Kərimov
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Sevindirici haldır ki, Şura 20 illik fəaliyyəti sayəsində Azərbaycanın hüquq sistemindəki islahatların əsas dayaqlarından birinə çevrilmişdir. Yalnız hüquq sahəsində deyil, həm də cəmiyyətin ədalətə olan inamının möhkəmlənməsində əvəzsiz rol oynayıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda çıxışı zamanı Ali Məhkəmənin sədri İnam Kərimov deyib.

Onun sözlərinə görə, bu uğurların təməlində müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev amili dayanır:

"Onun zəngin siyasi təcrübəsi, vətənə tükənməz sevgisi və uzaqgörənliyi xalqımızı ağır sınaqlardan uğurla çıxarmış, gələcək inkişafın əsasını qoymuşdur. Əminliklə deyə bilərik ki, dahi lider parçalanmış, hər sahədə tənəzzül yaşayan Azərbaycandan – müasir, müstəqil və qüdrətli Yeni Azərbaycan yaratmışdır. Təbii ki, bütün sahələrdə yenilənən Azərbaycanda yeni məhkəmə sisteminin qurulması zəruri idi. Məhz buna görə də demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirilmişdir. Görülən işlər sayəsində mütərəqqi qanunlar qəbul olunmuş, hüquqi dövlətin möhkəm əsası qoyulmuşdur. 1995-ci ilin 12 noyabr tarixində qəbul edilən ilk milli Konstitusiyamızda məhkəmə hakimiyyətinin əsasları formalaşdırılmış, məhkəmələrin digər hakimiyyət qollarından müstəqilliyi təsbit edilib".

İ.Kərimov qeyd edib ki, sonrakı illərdə Hüquqi İslahatlar Komissiyası yaradılmış, məhkəmə hakimiyyətinin rolu nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurası təsis edilib:

"Məhkəmələr və hakimlər haqqında” Qanunda isə məhkəmə sisteminin müstəqilliyinin əsas prinsipləri müəyyən edilərək, üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Hazırlıqlı və peşəkar hakimlər korpusunun formalaşdırılması məqsədilə milli dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərin test üsulu ilə seçimi keçirilmişdir. Beləliklə, yeni məhkəmə və hüquq sistemi yaranmış, məhkəmə hakimiyyətinin gələcək inkişaf strategiyası müəyyən edilmişdir. Azərbaycanda məhkəmə sahəsində görülən işləri dəyərləndirən Ulu Öndər "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq" demişdir. Hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən mütərəqqi islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və şəffaflığın artırılması, yeni texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atılmışdır. Bu addımlardan biri də 2005-ci ildə məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən mahiyyətcə yeni qurum - Məhkəmə-Hüquq Şurasının yaradılmasıdır".

Sədr bildirib ki, növbəti illərdə vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi məqsədilə regional apellyasiya və ixtisaslaşdırılmış məhkəmələr yaradılmış, "Elektron Məhkəmə" İnformasiya Sistemi istifadəyə verilib:

"2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzalanmış Fərman məhkəmə-hüquq sisteminin inkişafı üçün bir növ “yol xəritəsi” olmuş və bu sahədə yeni inkişaf mərhələsinə yol açmışdır. Fərmanın icrası çərçivəsində kompleks qanunvericilik, institusional və praktiki tədbirlər həyata keçirilmişdir. Yeni islahatlar çərçivəsində məhkəmə hakimiyyətinin müstəqilliyi gücləndirilmiş, Məhkəmə-Hüquq Şurasının statusu və tərkibi beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Belə ki, Şura üzvlərinin əksəriyyətinin hakimlərdən ibarət olması məhkəmə hakimiyyətinin müstəqilliyinin təmininə xidmət edir, digər hakimiyyət qollarının nümayəndələrinin iştirakı isə şəffaflıq və hesabatlılığa yol açır. Məhz buna görə də Şuranın tərkibi və fəaliyyəti bu gün beynəlxalq təşkilatlar tərəfindən uğurlu model kimi dəyərləndirilir. Həmçinin hakimlərin seçimi, təyinatı və vəzifədə irəli çəkilməsi sahəsində şəffaflıq və çeviklik prinsipləri əsasında mühüm yeniliklər həyata keçirilmişdir. Hesab edirəm ki, atılan bütün bu addımlar ədalət mühakiməsinin keyfiyyətinə mühüm təsir göstərmiş, ölkəmizdə məhkəmələrə olan inamı daha da möhkəmləndirmişdir".

"Təsadüfi deyil ki, cari ilin oktyabr ayında 93 ölkənin hakimlərini birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası paytaxtımızda keçiriləcək. Bu mühüm tədbirin Azərbaycanda keçirilməsi məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi sahəsində həyata keçirilən islahatlara beynəlxalq səviyyədə verilən qiymətin təzahürüdür. Bu yubiley konfransı yalnız ötən illərə bir baxış deyil, həm də gələcəyə bir çağırışdır. Məhkəmə islahatlarının davamlılığı, hakimlərin peşəkarlığının artırılması, rəqəmsal transformasiyanın genişləndirilməsi və ictimai etimadın qorunması gələcək fəaliyyətimizin əsas prioritetlərini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, məhkəmə islahatlarının əvvəli var, amma sonu yoxdur. Yəni bu, davamlı, mərhələli şəkildə aparılmalı olan bir prosesdir. Qloballaşan dünya inkişaf etdikcə, qarşımıza yeni çağırışlar və yeni tələblər çıxır. Bu baxımdan gələcəyin məhkəmə sistemi yalnız hüquqi islahatlarla deyil, həm də texnoloji inkişaflarla güclənəcək".
İ.Kərimov vurğulayıb ki, süni intellekt, rəqəmsal texnologiyalar və avtomatlaşdırma sahələrindəki yeniliklər məhkəmə proseslərini daha sürətli, şəffaf və ədalətli etmək üçün böyük imkanlar yaradacaq:
"Virtual məhkəmələr, video-konfranslar və elektron imzalar vasitəsilə hüquqi xidmətlərə daha geniş çıxış təmin ediləcək və nəticədə daha əlçatan bir məhkəmə sistemi qurulacaq. Bu imkanlar məhkəmələrin daha effektiv olmasına, hakimlərin iş yükünün azalmasına, qərarların daha çevik qəbuluna şərait yaradacaq və məhkəmə sisteminin fəaliyyətini daha da təkmilləşdirəcək. Əlbəttə ki, davamlı islahatlar, atılan addımlar nəticədə vətəndaş məmnunluğunun artmasına hesablanıb. Çünki Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində məhz vətəndaş dayanır, yəni dövlətin bütün fəaliyyəti vətəndaşların rifahını, hüquqlarını və həyat şəraitini yaxşılaşdırmağa yönəlmişdir. Buna görə də məhkəmələr vətəndaşların ədalət gözləntisinə cavab verməli, onların hüquqlarını tam şəkildə təmin etməli və hər bir fərdin müraciətinə həssas yanaşmalıdır. Təbii ki, bu da məhkəmə sisteminin inkişafı və təkmilləşdirilməsi ilə mümkündür. Bildiyiniz kimi, bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur. Bu, hüquqi düşüncənin və konstitusiya dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Elə bu kontekstdə şanlı zəfərimiz nəticəsində işğaldan azad edilmiş ərazilərdə dövlət təsisatlarının, o cümlədən məhkəmə sisteminin bərpası və fəaliyyətinin təşkili Azərbaycanın suveren hüquqlarının real təcəssümüdür. Hazırda Qarabağ və Şərqi Zəngəzurda məhkəmələrin fəaliyyət göstərməsi qanunçuluq və ədalət prinsiplərinin hər qarış torpağımızda bərqərar edilməsinin göstəricisidir", - o əlavə edib.

Sədr sonda deyib ki, məhkəmə sistemi hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşdur:

"Elə bu günlərdə məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan dövlət başçısı tərəfindən Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalının təsis edilməsi də bizə göstərilən yüksək etimadın bariz nümunəsidir. Sonda bir daha bu əlamətdar yubiley və tarixi gün münasibətilə hər birinizi təbrik edir və Məhkəmə-Hüquq Şurasına gələcək fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, Şura bundan sonra da ədalətin təmin edilməsində və dövlətin dayaqlarının möhkəmləndirilməsində özünəməxsus rolunu davam edəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti