Bakı.Trend:
Bu gün Bakıda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə
həsr olunan “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar”
mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Trend xəbər verir
ki, tədbirdə öncə Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə bağlı
qısametrajlı sənədli film nümayiş etdirilib.
Konfransı giriş nitqi ilə açan Azərbaycan Respublikası Ali
Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Şuranın
20 illik fəaliyyətinə nəzər salaraq, qurumun təsis edilməsinin
ədalət mühakiməsinin keyfiyyətli həyata keçirilməsinə mühüm töhfə
verdiyini qeyd edib.
Bildirilib ki, yeni islahatlar çərçivəsində məhkəmə hakimiyyətinin
müstəqilliyi gücləndirilib, Məhkəmə-Hüquq Şurasının statusu və
tərkibi beynəlxalq standartlara uyğunlaşdırılıb. Həmçinin
hakimlərin seçimi, təyinatı və vəzifədə irəli çəkilməsi sahəsində
şəffaflıq və çeviklik prinsipləri əsasında mühüm yeniliklər həyata
keçirilib. Məhkəmə islahatlarının davamlılığı, hakimlərin
peşəkarlığının artırılması və rəqəmsal transformasiyanın
genişləndirilməsinin gələcək fəaliyyətin əsas prioritetlərini
təşkil etdiyi vurğulanıb.
Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin
müdiri Fuad Ələsgərov çıxış edərək bildirib ki, 2005-ci ildə
Məhkəmə-Hüquq Şurasının formalaşdırılması ilə ölkəmizdə məhkəmə
hakimiyyətinin inkişafı, onun idarə olunmasının institusional
əsaslar üzərində qurulması yeni mərhələyə qədəm qoyub. Geniş hüquq
islahatları çərçivəsində Məhkəmə-Hüquq Şurasının fəaliyyəti daha da
gücləndirilib, məhkəmə sistemində səmərəli tənzimləmə mexanizmləri
tətbiq olunub.
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti
şöbəsinin müdiri Gündüz Kərimov çıxışında qeyd edib ki, 20 il
ərzində Məhkəmə-Hüquq Şurası uğurlu və şərəfli yol keçib. Şura və
onun əməkdaşlarının gərgin fəaliyyəti nəticəsində Azərbaycanda
müasir, savadlı və vicdanlı hakim korpusu formalaşdırılıb. Qeyd
edilib ki, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması
qanunçuluq, obyektivlik və qərəzsizlik prinsipləri ilə sıx
bağlıdır. Məhkəmə icraatının effektivliyinin yüksəldilməsi isə
vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə
prosedurlarının səmərəli və effektiv keçirilməsi, qərarların aydın
və ağlabatanlığı ilə dəyərləndirilir. Bu gün sadalanan həmin
tələblərə cavab verən hakim korpusunun formalaşdırılması vəzifəsi
yalnız Məhkəmə-Hüquq Şurasının çiyinlərinə düşür.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki,
Azərbaycanda məhkəmə sistemində çox işlər görülüb. Qeyd edilib ki,
məhkəmələrdə qərarlar qanunun tam ciddiyyəti ilə qəbul olunur.
Bununla yanaşı, Azərbaycanda məhkəmə fəaliyyətinin tam yüksək
səviyyədə həyata keçirilməsi üçün normal şəraitin yaradılması da
olduqca vacib məsələdir. Məhkəmə sahəsində səmərəliliyin bundan
sonra da artırılacağı qeyd edilib.
Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq
sədri Fikrət Məmmədov çıxışında bildirib ki, Prezident İlham Əliyev
Respublika Prezidenti seçiləndən sonra verdiyi ilk tapşırıqlarından
biri məhz məhkəmə sisteminin daha da müasirləşdirilməsi ilə bağlı
olub. Bununla əlaqədar müvafiq konsepsiya hazırlanıb və məhkəmə
sisteminin mütərəqqi beynəlxalq təcrübə nəzərə alınaraq mükəmməl
olması üçün nüfuzlu xarici ekspertlər işə cəlb olunub. Beləliklə,
qısa müddətdə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi tam
müstəqil qurum olan Məhkəmə-Hüquq Şurası təsis olunub, məhkəmə
fəaliyyətini tənzimləyən qanunvericiliyə əsaslı dəyişikliklər
edilib.
Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze isə çıxışında
Gürcüstan məhkəmə sistemi adından təbriklərini çatdıraraq qeyd edib
ki, Məhkəmə-Hüquq Şurasının yaradılması Azərbaycanın hüquqi
islahatlar tarixində mühüm mərhələ olub. Vurğulanıb ki, məhkəmə
şuraları müstəqil qurumlar kimi məhkəmə sisteminin idarə
olunmasında əsas rol oynayırlar. Onların vəzifəsi yalnız
təyinatlar, yüksəlişlər və intizam məsələlərini nəzarətdə saxlamaq
deyil, eyni zamanda məhkəmələri xarici təsirlərdən qorumaqdır.
Konfransda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə, həmçinin məhkəmə
sahəsində islahatlara verdiyi töhfəyə görə Şuranın sabiq sədri,
Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov “Azərbaycan
Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)”
Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Daha sonra “Məhkəmə idarəetməsində qlobal çağırışlar və müasir
beynəlxalq həllər”, “Hakim korpusunun komplektləşdirilməsi” və
digər mövzularda panel müzakirələr təşkil edilib.