Bakı. Trend:
Azərbaycanın milli hüquq müdafiə mərkəzi müasir çağırışların həllində mühüm rol oynayır.
Trend xəbər verir ki, bunu Qazaxıstanın insan haqqları üzrə müvəkkili Artur Lastayev Bakıda keçirilən “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.
“Bu gün Azərbaycanda, həmkarım – Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın təşkil etdiyi beynəlxalq simpoziumda iştirak edirəm. Biz başa düşürük ki, insan hüquqları institutlarının müasir problemlərin həllində xüsusi rolu var. Azərbaycan Milli İnsan Hüquqları Mərkəzinin son zamanlar cəmiyyətlərimizin və dövlətlərimizin üzləşdiyi məsələlərin və çağırışların həllindəki rolunu yüksək qiymətləndirməmək mümkün deyil”, – deyə o vurğulayıb.
Lastaev qeyd edib ki, ombudsmanların cəmiyyətlə dövlət arasında körpü rolunu oynaması və vətəndaş cəmiyyəti ilə qarşılıqlı fəaliyyət qurması olduqca vacibdir.
“Bu çox vacib işdir. Biz Azərbaycanı böyük məmnuniyyətlə izləyirik və onun uğurlarına sevinirik. Qazaxıstan dost və müttəfiq dövlət kimi Azərbaycanın nailiyyətlərinə ürəkdən sevinir və Milli İnsan Hüquqları Mərkəzinə gələcəkdə də davamlı inkişaf arzulayır”, – deyə o əlavə edib.