Astana. Trend:
Qazaxıstan və Azərbaycan neft-qaz sektorunda əməkdaşlığı gücləndirir. Bu sektor hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır və regional enerji təhlükəsizliyi ilə yanaşı, dünya bazarında rəqabət qabiliyyəti baxımından da strateji rol oynayır.
Trend-in məlumatına görə, bu barədə Astana Beynəlxalq Maliyyə Mərkəzi (ABMM) və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) birgə hesabatında qeyd olunur.
2024-cü ildə Qazaxıstanda təxminən 88 milyon ton, Azərbaycanda isə 29 milyon ton neft hasil olunub. Bu isə birlikdə təqribən 117 milyon ton təşkil edir ki, bu da qlobal neft təklifinə mühüm töhfədir. Qazaxıstan hasil etdiyi neftin təxminən 70 faizini ixrac etdiyi Xəzər Boru Kəməri Konsorsiumundan (XBKK) ciddi şəkildə asılıdır və bu həcmdə neftin təqribən üçdə ikisi məhz bu marşrutla daşınır. XBKK hazırda Qazaxıstan üçün ən sərfəli ixrac marşrutu olaraq qalır.
Lakin ABMM və IDD ekspertlərinin fikrincə, Azərbaycanın iştirakı ilə ixrac marşrutlarının şaxələndirilməsi geosiyasi risklərin azaldılmasına və məhdud sayda tranzit yollarından asılılığın aradan qaldırılmasına kömək edir.
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri neftin ixracı üçün etibarlı və sınaqdan keçmiş infrastruktur hesab olunur və Qazaxıstan artıq bu marşrutdan fəal şəkildə istifadə edir. 2024-cü ildə ölkə bu boru kəməri ilə 1,4 milyon tondan çox neft ixrac edib ki, bu da birgə infrastrukturun effektivliyini nümayiş etdirir.
Bununla yanaşı, BTC boru kəməri hazırda az yüklənmiş vəziyyətdədir: 2024-cü ildə bu marşrutla cəmi 29,47 milyon ton neft nəql olunub ki, bu da illik 60 milyon ton layihə gücünün yarısından da azdır. Rəsmi proqnozlara əsasən, Qazaxıstan yaxın illərdə BTC vasitəsilə ixracı 2,2 milyon tona çatdırmağı, hasilatın artması və infrastrukturun əlaqələndirilməsinin təkmilləşdirilməsi ilə bu həcmi uzunmüddətli perspektivdə 20 milyon tona qədər artırmağı planlaşdırır.
Neftin daşınmasında mühüm rolu Caspian Integrated Maritime Solutions (CIMS) – "KazMunayGaz" və Abu Dabi Limanlar Qrupunun birgə müəssisəsi oynayır. Bu şirkət Xəzər dənizi vasitəsilə neftin daşınması üçün tanker donanmasına malikdir və BTC marşrutu ilə tranziti həyata keçirir. Neftin nəqlində oxşar funksiyanı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) də yerinə yetirir.
Hesabatda göstərilir ki, BTC marşrutu ilə neftin uğurla daşınması üçün aşağıdakı şərtlər vacibdir: dünya bazarında yüksək neft qiymətləri (bu, Aktau limanının infrastrukturuna sərmayəni əsaslandırır; limanın hazırkı ötürücülük qabiliyyəti illik 5–6 milyon ton təşkil edir), anbar və yükləmə güclərinin artırılması, eləcə də, effektiv tanker donanması.