Bakı. Trend:
Son dövrlərdə ölkəmizdə, xüsusilə turizm və istirahət zonalarında kvadrisikllərin istifadəsi hallarında artım müşahidə olunur.
Trend Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki,bəzi hallarda bu nəqliyyat vasitələri yol hərəkəti qaydaları pozularaq təhlükəli formada idarə olunur. Nəticədə, konstruktiv quruluşuna görə passiv təhlükəsizlik elementləri ilə təmin olunmayan bu növ nəqliyyat vasitələri ilə törədilən qəzalar daha ağır və faciəvi nəticələrə səbəb olur.
Qeyd edilməlidir ki, kvadrisikllər istər ümumi istifadədə olan yollarda, istərsə də mürəkkəb relyefə malik ərazilərdə idarə edilərkən tarazlığın asanlıqla itirilməsi və açıq quruluşu səbəbindən ciddi təhlükə yaradır. Mövcud faktlar göstərir ki, bu nəqliyyat vasitələri ilə baş verən qəzalar zamanı ağır bədən xəsarətləri, travmalar və ölüm halları müşahidə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edərək, yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl olunmasının vacibliyini xatırladır, azyaşlıların bu növ nəqliyyat vasitələri ilə hərəkət etməsinə isə heç bir halda imkan verilməməsini valideynlərin diqqətinə çatdırır.
Unutmayaq: təhlükəsizlik hər birimizin ortaq məsuliyyətidir.