Bakı. Trend:
“Qazprom” Rusiya qazının Avropa İttifaqına tədarükü dayandırılacağı təqdirdə Slovakiyadan təxminən 16 milyard avro cərimə tələb edə bilər.
Bu barədə Trend "TASR" agentliyinə istinadən xəbər verir. Agentlik məlumatı Slovakiyanın dövlətə məxsus qaz şirkəti SPP-yə əsaslanaraq yayıb.
Bildirilib ki, SPP Avropa Komissiyasının 2028-ci il yanvarın 1-dən etibarən Rusiya mənşəli enerji resurslarının Aİ-yə idxalını qadağan etmə planlarına qarşı çıxır.
Məlumata görə, Slovakiya Rusiya qazını "Qazprom" ilə uzunmüddətli müqavilə əsasında alır. Əgər bu müqaviləyə birtərəfli şəkildə xitam verilsə, müqaviləni pozan tərəf maliyyə sanksiyaları ilə üzləşə bilər. Bu halda Slovakiya istifadə etmədiyi qazın dəyərini ödəməli olacaq.
Qeyd edək ki, Slovakiya hökuməti Rusiyadan enerji resurslarının Aİ-yə idxalının dayandırılmasına qarşı çıxır. Baş nazir Robert Fitso jurnalistlərə bildirib ki, əgər bu plan reallaşarsa, ölkədə qazın qiyməti ev təsərrüfatları üçün 30-50% artacaq.