Bakı. Trend:
İsrail İrana qarşı hərbi əməliyyatın başlanması zamanı ölkədə qanuni şəkildə olan əcnəbilərin əksəriyyətinə verilmiş vizaların müddətinin uzadıldığını elan edib.
Trend xəbər verir ki, bu barədə İsrailin Əhali və Miqrasiya İdarəsi bildirib.
"Son hadisələrlə əlaqədar Əhali və Miqrasiya İdarəsi bildirir ki, 12 iyun 2025-ci il tarixində İsraildə qanuni şəkildə olan əcnəbilər üçün qüvvədə olan vizaların müddəti avtomatik olaraq 30 sentyabr 2025-ci il tarixinədək uzadılıb", – deyə idarənin bəyanatında qeyd olunub.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.