...

Azərbaycanda beş ayda yaşayış evlərinin tikintisinə 1 milyard manatdan çox pul qoyulub

İqtisadiyyat Materials 17 İyun 2025 16:43 (UTC +04:00)
Azərbaycanda beş ayda yaşayış evlərinin tikintisinə 1 milyard manatdan çox pul qoyulub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan yaşayış evlərinin tikintisinə 1,095 milyard manat sərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 68,8% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6,695 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 21,9 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 11,7 faiz artıb.

Ümumi sərmayənin 3,363 milyard manatı və ya 50,2 faizi məhsul istehsalı sahələrinin, 2,237 milyard manatı (33,4 faizi) xidmət sahələrinin, 1,095 milyard manatı (16,4 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 49,8 faizi dövlət, 50,2 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 78,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 75,4 faizini təşkil edib.

2025-ci ilin yanvar-may aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 42,9 faizi sənaye, 23,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 22,2 faizi tikinti, 2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər biri 1,9 faiz olmaqla informasiya və rabitə, təhsil, 1,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi maliyyə və sığorta, 1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, hər biri 0,4 faiz olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, hər biri 0,1 faiz olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, peşə, elmi və texniki fəaliyyət sahələrinə sərf edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti