Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) İranın nüvə proqramı və ballistik raket (hücumu) təhlükəsini aradan qaldırmayana qədər İrana qarşı əməliyyatı davam etdirəcək.
Trend “Times of İsrael”ə istinadən xəbər verir ki, bu haqda IDF-in Əməliyyat bölməsinin rəisi, general-mayor Oded Basiuk açıqlama verib.
General IDF-in hələ İran əməliyyatının sonunda yox, ortasında olduğunu desə də, hərbi müdaxilənin gözlənilən bitmə tarixini açıqlamayıb.
“Biz nüvə hədəflərinə zərbələri davam etdiririk – əldə olunmuş nəticələri daha da dərinləşdirmək üçün əvvəlcədən hazırlanmış plana və bizə uyğun zamana əsaslanırıq. Biz terror rejiminə zərbələr endiririk, xalqa yox – çünki bu xalq daha yaxşı gələcəyə layiqdir. Bizim üçün təhlükə yaradanlar Tehran rəhbərliyidir, Şiraz küçələrində gəzən insanlar deyil”, – deyə Basiuk vurğulayıb.
Nəşrin yazdığına görə, İsrailin həyata keçirdiyi hücumlar nəticəsində İranın ballistik raket buraxılış qurğularından 200-dən çoxu məhv edilib və ya sıradan çıxarılıb. Bu isə İranın arsenallarının əhəmiyyətli bir hissəsini təşkil edir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb
