Bakı. Trend:
İsrail gün ərzində İran paytaxtında yerləşən strateji obyektlərə zərbələr endirəcək.
Trend “Times of İsrael”ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz bildirib.
“İsrailin Hava Qüvvələri bu gün Tehranda çox əhəmiyyətli hədəfləri, strateji hədəfləri, rejimə aid hədəfləri və infrastrukturu vuracaq”, - deyə Katz İrandan atılan ballistik raketin səbəb olduğu dağıntıların miqyası ilə tanış olan zaman jurnalistlərə verdiyi açıqlamada deyib.
O bildirib ki, İsrail Müdafiə Qüvvələri (İDF) hədəflərə yaxın ərazilərdə yaşayan insanlar üçün təxliyə olunmalarına dair xəbərdarlıq verəcək.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb